“Qəbələ” – “Kəpəz” matçının 7-ci dəqiqəsində jurnalistlər üçün ayrılmış eyvandan tribunalara nəzər salıb, şəkil çəkəndə, yanımdakı həmkarıma demişdim ki, baxarsan, oyunu uzaqbaşı 250 nəfər izlədiyi halda protokolda şişirdilmiş rəqəm göstəriləcək.
İllərdir stadionlarda bilet satışının düz-əməlli təmin edilməməsinin nəticəsində stadionun direktoru, ya da klubun hansısa rəhbəri AFFA nümayəndəsinə sayla bağlı istədiyi rəqəmi deyir, o da protokola yazır.
Deməyim odur ki, ötən bazar Qəbələdə keçirilmiş məlum qarşılaşmanı stadiondan vur-tut 200-250 adam izləyib.
Bu, Qəbələ adlı bölgənin adına rəzalət, klub adına təhqirdir.
Qəbələ iqtisadi durumuna görə digər şəhər və rayonlardan yaxşı mənada kəskin fərqlənir. Bakının, Dubayın, Küveytin pulları yay-qış buradakı otellərə, istirahət mərkəzlərinə, yeməklərə, bal-yağa, turşu-mürəbbəyə, qoz-fındığa axır.
Bölgənin gəncləri geyim-keçim, əyləncə və zövq baxımından Bakıdakılardan heç də geri qalmır. Yəni insanların maddi durumu acınacaqlıdır demək insafsızlıq olar.
Buna baxmayaraq, stadiona gəlməyi, futbola baxmağı, komandanı dəstəkləməyi özlərinə borc bilmirlər.
“Qəbələ” sıradan, iddiasız, tökülən milyonların qarşılığında biabırçı nəticələrlə yadda qalan klub olsa, dərd yarı. Axı, regionun eyniadlı və yeganə komandası dünənə qədər çempionluğa iddia edib, qızıl olmasa da, gümüş və bürünc medalları boynundan asıb.
Ölkə kubokunu başı üzərinə qaldırıb, 2 dəfə Avropa Liqasının finalında oynayıb. Ötən il məhdud büdcə ilə “Sabah” kimi rəqibini qabaqlayıb avrokuboklarda iştirak edib. Bölgəni təmsil edən bir klub-komanda bundan artıq nə etməlidir?
Göydən yağış düşən kimi stadiona getməyi özünə dərd edən azarkeşlərin böyük qismi sosial media “qəhrəmanıdır”. “Qəbələ”nin etdiyi transferlərin, uduzduğu oyunların birini də gözdən qaçırmayan həmin futbol adamları az qala meydanın üzərində quşun uçmasına da reaksiya verir.
Di gəl, stadiona getməyi, “Qəbələ”ni dəstəkləməyi qəbələlinin üzərinə düşən borc kimi qəbul etmirlər.
“Neftçi” və “Qarabağ”la matçlar zamanı stadion tam olmasa da, yarısı dolur. Bu iki komanda ilə oyunları hava şəraitindən asılı olmayaraq 1000-1500 bəlkə də 2000 nəfər canlı izləyir. Çünki “Qəbələ”ni yox, ölkənin tanınmış komandalarını izləməyə, məşhur futbolçuları görməyə gəlirlər.
Madam ki, qəbələlilərə futbol lazım deyil, o zaman klubun adını dəyişib göndərsinlər Zaqatala, Lənkəran, Mingəçevir, Qusar kimi azarkeş kütləsi ilə seçilən bölgələrin birinə.
Camaat gecə-gündüz Premyer Liqa arzusu ilə yaşayır, bunlar avrokuboklara vəsiqə qazanan, günü bu gün 4 region komandası arasında ən yaxşı göstəriciyə malik komandanı bəyənmir.
HƏBİB / SPORTİNFO.AZ

