«Qəbələ» ötən gün mövsümün ən zəif oyununu keçirdi.
Elmar Baxşıyev həmişə öyünürdü ki, komandası hər qarşılaşmada bir neçə qol vəziyyəti yaradır.
Dünən bu sarıdan da «Qəbələ»nin ifasında kasad və kasıb oyun izlədik. Ramon Maçadoda hücumçuluq bacarığı axtaran baş məşqçi onda başqa bir «istedad»ı - artistlik keyfiyyətini kəşf etmiş oldu.
Braziliyalı ilk hissədə özünü necə yerə atdısa, Rəşad Əhmədov tərəddüd etmədən penalti nöqtəsini göstərdi.
Yaxşı ki, VAR var və referi texnoloji yeniliyin sayəsində səhv qərarının biraddımlığından geri döndü və VAR kamerasında epizodu izlədikdən sonra yanlışını düzəltdi.
Qəbələ» miskin və həvəssiz futbolu ilə liderlər qrupuna iddia etmədiyini göstərdi. Həm də yalnız bunu deyil. Əyalət düşərgəsində anarxiya baş alıb gedir.
Burada Elmar Baxşıyevin kitabını oxuyanların sayı günbəgün azalmaqdadır. Yerlilərlə əcnəbi futbolçular arasında birlik pozulub, həmişə birlik və bərabərliyini başqalarına nümunə çəkdiyimiz «Qəbələ» bu gün özü ayrı-ayrı oyunçu qruplarının girovuna çevrilib.
Baş məşqçinin legionerlərin diktəsi ilə oturub-durması artq sirr deyil və bu, komandanın yerli təmsilçilərində əməllicə qıcıq, eyni zamanda, ikrah hissi yaradıb.
Daha dözə bilmirlər buna. Etirazın formaları isə çoxdur və «Qəbələ»nin oyunu narazılığın dozasını müəyyənləşdirmək üçün açıq vitrindir. Bax, gör və qiymət ver.
Bizim gördüklərimizi, heç şübhəsiz, klubun üst yönətimi də sezir. Gərək qərar versinlər indi - belə davam etməkmi, yoxsa suyu lilli çaya dönmüş komandanı ağ günə çıxarmaqmı?
Bir halda ki futbolçular Elmar Baxşıyevdən döyub, onunla uzaq yola çıxmağın mümkün olmadığını başa düşüb, xırda-xırda toplanmış problemləri xalçanın altına süpürməklə vəziyyət dəyişməyəcək.
Heç nə yox, sadəcə, baş məşqçinin özünü dəyişmək lazımdır.
Rasim Ramaldanovun komanda daxilində nüfuzu böyükdür. Yerli də, legioner də bu məşqçiyə hörmətlə yanaşır.
Ən real və ən düzgün namizədi nə qədər tez görəvə gətirsələr, çox keçmədən səmərəsini də görəcəklər.
ELXAN

