"Qəbələ"yə necə bir baş məşqçi lazımdır?

15 Oktyabr 2022 11:40 Qəbələ 838
"Qəbələ"yə necə bir baş məşqçi lazımdır?

Bir pərakəndəlik, bir qarışıqlıq var «Qəbələ»də.

Xaosun sistematik forması əmələ gəlib. Qarşısını ala, düzəldə bilmirlər.

Mövsümün iki zəifindən biri olan «Şamaxı»dan 3 xal qopara bilməyən komandanın avrokuboklarda nə işi var axı?

Güman edirəm ki, nəhayət, Elmar Baxşıyev bu haqda ciddi-ciddi düşünəcək, xam xəyallarından imtina edəcək.

Postunda qalacaqsa, daha real hədəflər uğrunda – məsələn, Premyer Liqada qalmaq vəzifəsi barədə fikirləşsə, planlarını onun üzərində qursa, həm özüyçün yaxşı olar, həm də klub üçün.

Legioner sarıdan korluq çəkməyən baş məşqçi, təəssüf ki, onlardan lazımınca yararlanmır. Buna bəlkə də təcrübəsi, bəlkə də iradəsi çatmır.

Hər futbolçu özü bildiyi, başa düşdüyü, ürəyi istədiyi kimi oynayanda əlbəttə, nəticələr təhlükə altına düşəcək, sabitlik yaranmayacaq.

Felipe Santos, Ramon Maçado və digər əcnəbilərə «gözün üstdə qaşın var» deyə biləcək baş məşqçi lazımdır «Qəbələ»yə.

İlk hissədə qaçırılan qol epizodlarını sapa düzüb boyunbağı düzəltmək olardı, sonucda 1 xalla kifayətləndilər.

Ona görə ki, Baxşıyev fasilədə lazımı konsentrasiyasını verə bilmədi komandaya, ikinci hissədə də oyuna müdaxiləsi sıfır həddində dayandı.

Başa düşürsüz, «Qəbələ» yaxşı heyətə malikdir, gəl ki, «dəmir yumruğ»un olmaması onu kökdən salıb.

Daha hakimlər də əvvəlkui illərdəki kimi onları sıxmır, özünə dərd edəsən ki, yolumuzun üzəri tikanlıqdır.

Şükür, bu maneədən, problemdən artıq azaddırlar. Ən böyük sıxıntı baş məşqçiylə bağlıdır.

Futbolçuların nəzərində, ağlında sözünün kəsəri olmayan biri kimi qalan Elmar Baxşıyevlə.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti