Azərbaycanın Avropadakı fəxri olan “Qarabağ” növbəti tarixi hadisənin bir addımlığında idi.
Bundesliqanın lideri “Bayer”lə qarşılaşmanın ilk yarısında 2 qol fərqi ilə önə keçən “köhlən atlar” ikinci yarıda qapısında 2 top görməklə məyus oldu.
Ağdamlılar qalib gəlsəydi, bu, həm Almaniya təmsilçisinin 34 oyunluq məğlubiyyətsiz seriyasının qırılmasına səbəb olacaq, həm də Azərbaycan klublarının almanlar üzərində ilk qələbəsi kimi tarixə düşəcəkdi.
“Qarabağ”ın aparıcı simalarından olan fransalı vinger Abdullah Zubir matçla bağlı fikirlərini Sportinfo.az-a bildirməkdən boyun qaçırmadı:
“Boyuk komandaya qarşı oynayırdıq. Rəqibin adından çəkinmədən ilk hissədə 2 qol vurmağı bacardıq.
İkinci hissədə mənim ötürmə səhvimdən sonra hesab arasındakı fərqi azaldaraq təzyiqi artırdılar.
“Bayer”in ehtiyat oyunçular skamyası zəngindir. Fasilədən sonra meydana çıxanlar bacarıqlarını ortaya qoymaqla lazım olan qolları vurdular.
Caka, Virtz, Şik kimi futbolçular oyunun axarını dəyişdilər. İlk hissəni biz, ikinci yarını onlar qazandılar.
Hesabda 2:0 öndə olanda belə, sonluğa görə narahat idim. “Bayer”in oyunlarına baxıram, bilirəm ki, geridönüş etməyi bacarırlar.
Fasilədən sonra iki yolumuz var idi. Ya üçüncü qolu vurmalıydıq, ya da kobud səhvə yol verməməliydik.
Heç-heçə etsək də, daha artığını haqq etdiyimizi düşünürəm”.
Komandalar arasındakı cavab görüşü martın 14-də “BayArena”da keçiriləcək.
HƏBİB

