“Ayntraxt”la Bakıda oynamağın xeyrimizə olduğunu düşünmürəm.
Çünki rəqib təcrübəlidir, səfər matlçlarındakı ab-havaya öyrəşib”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Kevin Medina deyib.
“Köhlən atlar” çərşənbə günü Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniya təmsilçisi ilə qarşılaşacaq.
Son matçlardakı məğlubiyyətləri nəzərə alsaq, “Auyntraxt”la dueldə mümkün qələbə ağdamlılara hava-su kimi lazımdır. Bəlkə də həmin 3 xal pley-offa yüksəlməyə səbəb ola bilər.
33 yaşlı kolumbiyalı hazırda özlərini yaxşı hiss etdiklərini, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib:
“Müasir futbol fərqlidir. Meydan amili vacib amil sayılmır. Önəmli olan tapşırıqları necə yerinə yetirməkdir.
Bu gün komandada əhval-ruhiyyə yüksəkdir. Ötən ilin sonlarında kollektivdə həqiqətən yorğunluq var idi.
Kiçik pauzaya, istirahətə ehtiyac yaranmışdı. Artıq özümüzə gəlmişik. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanıb, xallarımızın sayını artıraq.
Pley-offa yüksəlmək üçün şansımız varsa, bundan yararlanmağa çalışacağıq”.
Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 21:45-də çalınacaq.
6 turdan sonra aktivində 7 xal olan “Qarabağ” 36 komanda arasında 22-ci, “Ayntraxt” 4 xalla 30-cu pillədə qərarlaşıb.
HƏBİB

