Cari mövsümün əvvəlində «Neftçi»dən «Qarabağ»a keçən Ramil Şeydayevin bu qış fasiləsində yenidən komandasını dəyişə biləcəyindən xəbərdarsız.
Adıçəkilən hücumçunun «Zirə»yə icarəyə göndərilməsi gündəmdədir. Rəşad Sadıqov onu 6 aylıq icarəyə götürmək niyyətindədir.
İndi burada bir məsələ var - onun maaşını kim ödəyəcək? Axı Ramil kifayət qədər ödənişli biridir.
Belə birinə ayda 15-20 min dollar vəsait xərcləmək hazırda «Zirə» üçün çox çətindir. Rəşad Sadıqov ötən aylarda dəfələrlə bəyan edib ki, klubun builki büdcəsi keçən illərlə müqayisədə xeyli aşağı düşüb.
Əldə etdiyimiz məlumata görə, «Qarabağ» bu işdə «qartallar»a yardım əlini uzatmağı gözdən keçirir.
Şeydayev yerini dəyişməyə razılıq versə, alacağı əməkhaqqının əhəmiyyətli hissəsi «köhlən atlar» tərəfindən qarşılanacaq.
«Zirə» onun mövsüm ərzində üçüncü komandası olsa belə, hüquqi cəhətdən qeydiyyata alınmasında heç bir problem yoxdur.
Çünki «Neftçi» 30 yaşlı forvardın adını iştirak ərizəsinə daxil etməyib. Əvvəllər müxtəlif vaxtlarda iki dəfə «Qarabağ»a gedib-gəlmiş Şeydayev Çempionlar Liqası üçün sifariş olunmayıb.
«Köhlən atlar» onun xidmətindən yalnız ölkədaxili yarışlarda yararlana blilir. O da həmişə yox.
Formaya düşməsi zaman aldığından, Qurban Qurbanov sezonun geridə qalan hissəsində «Zenit»in yetirməsindən bir elə istifadə etməyib.
«Zirə»də isə bu fürsəti çox olacaq Ramilin. Ötən aylarla müqayisədə bir xeyli özünə gələn Şeydayevi qəsəbə təmsilçisində böyük rəqabət gözləmir.
Dörd aydır zədədən əziyyət çəkən Davit Volkov hələ məşqlərə başlamayıb, Yeqor Boqomolskinin isə qol vurmaqla arası yoxdur: belaruslu, sadəcə, Rəşad Sadıqovun əsəbləriylə «oynayır».
SPORTİNFO.AZ

