Dekabrda Çempionlar Liqasında “Ayaks”a, Premyer Liqada “Sabah”a uduzan “Qarabağ” yadınızdadır da.
Komandanı tanmaq olmurdu. Sanki hər zaman finişə birinci çatan avtomobilin mühərrikində gözlənilməz xəta baş vermişdi.
Digər yarış iştirakçıları onu sürətdə geridə qoyur, o isə həsrətlə rəqiblərin arxasınca baxırdı. Tanınmaz halda düşmüşdü Qurban Qurbanovun komandası.
“Qarabağ”lılar sözün əsl mənasında çökmüşdü. Nə ayaqda güc qalmışdı, nə gözdə alov, nə də canda ruh. Futbol oynamaq istəmirdilər sanki.
Çünki istirahətə ehtiyacları vardı. Dörd cəbhədə - avrokuboklarda, Prenyer Liqada, Azərbaycan kubokunda və milli komandada – istirahətsiz mübarizə aparmaq futbolçuları məhv etmişdi.
Bədən yorğundursa, psixoloji amil avtomatik sıfıra düşür, istək və əzmkarlıq yox olur. Düşünmək, toparlanmaq üçün güc qalmır axı.
Hə, bu da sizə qış fasiləsində şarj olunmuş “Qarabağ”!
Antalyada keçirilən yoxlama görüşlərində rəqib tanımayan ağdamlılar Özbəkistan “Neftçi”sini meydana çıxmağa peşman edəndən sonra (5:0) Xorvatiya təmsilçisi “Osiyek”ə və “Zaqlebie Lubin”ə də yerini göstərdi. Hər iki halda 3:1.
5 gün ərzində 3 oyun, qazanılan 3 qələbə, vurulan 11, buraxılan 2 top.
Necədir? Xoşunuza gəldi? “Qarabağ” tükənməyib ki?
Bir şeyi anlamaq lazımdır. “Qarabağ” şarjı dolduranda, qarşısıalınmaz olur. Elə ki, boşaldı, dərhal aparata qoşmaq lazımdır ki, futbolçular yorğunluğu canından ata bilsin.
Antalyadakı qələbələr komanda üzvlərinin motivasiyasını birə-beş artıracaq. Hətta bu əhval-ruhiyyə ilə Bakıda “Ayntraxt”ı udmaq yox ha, biabır etmək də mümkündür.
HƏBİB / SPORTİNFO.AZ

