“Qarabağ” Antalyadakı yoxlama görüşlərində göstərdiyi performansla “Ayntraxt”la oyundan əvvəl ümid verdi.
Beş gün ərzində üç oyuna çıxan “köhlən atlar” bütün hallarda meydanı qalib tərk etdi.
Əvvəlki illərdə Qurban Qurbanovun yetirmələrinin sınaq matçlarındakı məğlubiyyətləri adət halını almışdı. Antalyadakı oyunlarda uduzur, daxili və beynəlxalq yarışlarda qələbələri sıralayırdı.
Ağdam təmsilçisi bu dəfə rəqib tanımadan Özbəkistan “Neftçi”sini 5:0, Xorvatiya “Osiyek”ini və Polşa “Zaqlebie Lubin”ini eyni hesabla - 3:1 hesabı ilə uddu.
Təkcə nəticələr yox, komandanın sərgilədiyi futbol da ümid verdi. Baxımlı kombinasiyalar sonrası vurulan baxımlı qollar azarkeşlərin ürəyinə yağ kimi yayıldı.
Ürəyi “Qarabağ”la döyünənlər klubun sosial şəbəkə hesablarında komandanın şəninə tərif yağdırır, “Ayntraxt”la qarşılaşmanı səbrsizliklə gözlədiklərini açıq şəkildə bildirirlər:
“Möhtəşəmsiniz! Uğurlar! Hücumlar zamanı son ötürmələrdə dəqiqlik olsa, bundan da yaxşı nəticələr qazanmaq mümkündür”.
“Səhv etmirəmsə, “Qarabağ” bütün yoldaşlıq görüşlərində qalib gəlməyi bacardı. İnşallah, ayın 21-də də qələbə bizim olar”.
“Hər üç oyunda gözəl qollar vuruldu. Oyun da gözəl, nəticələr də. Qaldı “Ayntraxt”ı udmaq”.
“İnşallah, çətin olanı bacarıb, “Ayntraxt”ı məğlub etməklə “24-lüy”ə düşərik”.
“Maşallah, heyət genişdir, güclüdür. “Qarabağ”ı belə görmək istəyirik”.
“Hazır ol, “Ayntraxt”. Bu qollardan sənin də qapına daxil olacaq. Bu, elə-belə oyun olmayacaq. Ölüm-qalım məsələsidir”.
“Bərk gəlirik, “Ayntraxt”. Hazır ol!”
“Qarabağ” şou göstərir. Futbolçular çox sürətli, çox istəklidirlər. Sanki “Real Madrid” oynayır”.
“Belə başa düşürəm ki, “Ayntraxt”la oyuna tam şəkildə hazırıq. İnşallah, yalnız və yalnız qələbə”.
Yanvarın 21-də Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Ayntraxt” qarşılaşması saat 21:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO,AZ

