Elvin Cəfərquliyev Fransanın "Sent Etyen" klubuna transfer oluna bilər.
Avropa mətbuatı xəbəri işıqlandırıb, bizim sosial şəbəkələrdə bunu toy-bayrama çevirib.
Niyə?
Elvin hazırda ölkə futbolunun bir nömrəli yerli oyunçusudur.
Həm "Qarabağ"da, həm də milli komandada səviyyəsi ilə aşkar önə çıxır.
Xüsusilə Ağdam klubdakı çıxışını qabarda bilərik.
Ki, onun da əsas heyət üzvü olduğu "kəhər atlar" Avropada adından söz etdirir.
"Çelsi"dən xal alır, "Benfika"nı səfər meydanında ağ bayraq qaldırmağa məhkum edir.
Ağdamlılar artıq 15 ildən artıqdır Avropanı özündən danışmağa məhkum edib.
Bu gün İngiltərə, Almaniya kimi futbol ölkələrində "Qarabağ" ciddi bir klub kimi qəbul olunur.
İndi belə bir klubu qoyub, ikinci liqa təmsilçisinə getmək uğur sayıla bilər?
Təbii ki, yox.
"Sent Etyen"in yaxşı keçmişi ola bilər.
Amma bu gün bu komanda heç aşağı liqanın favoriti deyil. 18 turdan sonra 4-cü pillədə qərarlaşır.
Digər tərəfdən bizim üçün İbrahima Vadji nümunəsi var.
Ən formada olduğu dövrdə seneqallı legioner 1.8 milyon avro qarşılığında məhz "Qarabağ"ı "Sent Etyen"ə dəyişmişdi.
Sonda nə qazandı?
Bu gün "Turan Tovuz"da gününü keçirir.
Bəli, Cəfərquliyevin ölkə xaricinə getməsini hamımızı arzulayırıq.
Yaxşı legioner həyatı yaşamasına yalnız sevinə bilərik.
Amma onun "Qarabağ"dan gedəcəyi ünvan ikinci liqa təmsilçisi olmamalıdır.
Qısası, hazırkı durumda "Sent Etyen" Cəfərquliyevə yaraşmır. O, daha sanballı klubu haqq edir.
Ən pis halda "böyük beşlik" ölkələrinin ortabablarından biri olmalıdır.
Əks halda, Ağdam klubunda qalmaq daha doğru addım olar.
XANOĞLAN / SPORTİNFO.AZ

