“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqla başına dərd açıb.
Avropanın bir nömrəli klub turnirinə uğurlu start verən “köhlən atlar”ın futbolçularına maraq kifayət qədər artmaqdadır.
Elə buna görədir ki, son bir ayda “Qarabağ”la bağlı əsas söhbət mövzusu futbolçulara gələn təkliflərdir.
Baş məşqçi Qurban Qurbanov da təngə gəlib. Mətbuat konfranslarında futbolçularına edilən kənar zənglərdən bəhs edir, bu məqamın oyunçuların psixoloji durumuna təsir etdiyini gizlətmir.
Maraqlıdır, Kevin Medina bu barədə nə düşünür? Onu da sərfəli maliyyə şərtləri ilə “Qarabağ”dan qoparmaq istəyən klublar var?
32 yaşlı kolumbiyalı mərkəz müdafiəçisi bu barədə Sportinfo.az-a danışıb:
“Qarabağ”a gəldiyim gündən hər il adımı bu siyahıda görürəm (gülür). Bu, məni təəccübləndirmir.
Azərbaycana gəldiyim ilk gündən özümə qarşı isti münasibət görmüşəm. Və özümü “Qarabağ”da evimdəki kimi hiss etmişəm.
Özümə doğma bildiyim insanların arasında çox rahatam. Xaraktercə elə insanam ki, pulu heç vaxt xoşbəxtliyimdən üstün tutmuram.
“Qarabağ”da xoşbəxtəm və ona görə də buradayam. Cari mövsümdə komandamızın nəticələri böyük rezonansa səbəb oldu.
Belədə təkliflərin olması normaldır. Ancaq yenə deyirəm, bütün fikrimi “Qarabağ”a və qazanacağımız uğurlara ayırmışam”.
2020-ci ilin yayından Ağdam təmsilçisinin uğurları üçün tər tökən Medina geridə qalan müddət ərzində bütün yarışlarda 182 oyunun iştirakçısı olmaqla 5 qol vurub, 6 qolun ötürməsini verib.
HƏBİB

