“Qarabağ”ın sabiq hücumçusu Redon Cica 3 ildən sonra vətəninə qayıdıb.
Albaniyalı Redon Cica karyerasını “Tirana”da davam etdirəcək.
O, yeni klubu ilə mövsümün sonuna qədər 6 aylıq sözləşmə imzalayıb.
“Qarabağ”dan ayrılandan sonra Əlcəzairin “SSPA Şabab Riadi Beluizdad” klubuna keçən albaniyalı hücimçu burada özünə rahatlıq tapa bilməyib.
Ötən yay 2 illik müqavilə bağladığı komandada cəmi 5 oyunun iştirakçısı olduğundan buradan ayrılmaq qərarını verib. Rəhbərliklə söhbətdə anlaşmaya qarşılıqlı razılıq əsasından xitam verilməsinə nail olub.
Məsələdən duyuq düşən Albaniya klubları son iki həftədə Redonun uğrunda sözün əsl mənasında mübarizəyə girişib.
“Elbasani”, “Vlajniya”, “Partizani”, “Turana” kimi klublardan təklif alan 27 yaşlı futbolçu seçimini sonuncuların xeyrinə edib.
Halbuki “Tirana” 18 oyundan sonra 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb və Super Liqa ilə vidalaşması real görünür.
Cica iddialıları yox, paytaxt təmsilçisini seçməyi özünə mənəvi borc bilib. Çünki “Qarabağ”a məhz “Tirana”dan keçmişdi və karyerasının ən yaddaqalan illəri də burada olub.
O, 2021-ci ilin yayından 2022-ci ilin sonuna qədər “ağ-göylər”in şərəfini qoruduğu 46 görüşdə 25 qolla yadda qalıb. Üstəlik, Tiranada azarkeşlər onu çox sevir.
“Qarabağ”ın sıralarında olduğu 2,5 il ərzində 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. 73 oyunda 13 qol vurub, 5 məhsuldar ötürmənin müəllifi olub.
HƏBİB / SPORTİNFO.AZ

