“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
“Azersun Arena”nın konfrans zalında baş tutan görüşdə təcrübəli çalışdırıcı komandası ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib.
Qurbanov jurnalistləri salamlayıb, 2026-cı illər bağlı xoş arzularını çatdırandan sonra sualları cavablandırıb.
- İstirahətdən qayıdan futbolçuların fiziki durumu necədir?
- Futbolçuların həqiqətən istirahətə ehtiyacları var idi. Ümumi vəziyyət pis deyil. Toral Bayramovla Aleksey Kaşuk xəstələnmişdi. Hər ikisi bu gündən etibarən kollektiv çalışmalarda iştirak edəcək. Vəziyyət qənaətbəxşdir. Yaxşı istirahət ediblər, üzləri bir az gülür, həvəslə hazırlaşırlar.
- Çempionalar Liqasında “Ayntraxt”la qarşılaşacağınızı nəzərə alsaq, qış fasiləsində, məsələn, Birləşmiş Ərəb Əmirliklərinə yollanıb Almaniya təmsilçisinin səviyyəsinə yaxın rəqiblərlə yoxlama oyunları keçirməyə nə mane oldu? Maliyyə durumu, yoxsa futbolçuları psixoloji gərginlik altına salmaq istəmədiz?
- Maliyyə ilə bağlı sıxıntı yoxdur. İlboyu ağır rəqiblərlə oynamışıq. İstirahətdən dərhal sonra güclü komandaya qarşı 90 dəqiqə oynamağa hazır deyilik. Lakin Antalyada seçdiyimiz rəqiblər də qeyri-ciddi deyil. Onların da özlərinə görə səviyyəsi var. Plana əsasən, ilk yoxlama matçında futbolçuların hərəsi bir hissə meydanda olacaq. Lakin ikinci görüşdə 90 dəqiqə oynamaları nəzərdə tutulub. Hazırlıq planımızda hansısa problem olacağını düşünmürəm. Bu gün bəzi problemləri aradan qaldırmaq üçün oyundan çox məşqlərə ehtiyacımız var.
- Səhv etmirəmsə, “Sabah”la oyundan sonrakı mətbuat konfransında futbolçulara kənardan çox sayda zənglərin edildiyini demişdiniz.
- (Qurban Qurbanov bu yerdə bəndənizin sualını kəsir) Sən səhv etmərsən (gülür).
- Məlum çıxışınızdan sonra zənglərin sayı azalıb, yoxsa artıb?
- Hələ də davam edir. Davam etsə də, yoluna qoymağa çalışırıq. Mənim iradım futbolçulardan çox zəng edən şəxslərədir. Biri var, futbolçu bir nəfərlə əməkdaşlıq edir və klub həmin adamla danışır, biri də var, hərə bir tərəfdən vasitəçilik etmək istəyir. Sanki bunlar futbolçunun gələcəyini düşünənlərdir. Bu kimi işlərdə futbolçunun bir “ağa”sı olar. Məni ən çox narahat edən bu amildir. Zənglər davam etsə də, həll yolunu tapmağa çalışırıq. İnşallah ki, oyunumuza bir o qədər təsir etməz.
- Marko Yankoviçlə bağlı durum necədir?
- Normaldır. Hamı kimi o da hazırlaşır. Hansısa kluba transferi, yaxud “Qarabağ”ı tərk etməsi ilə bağlı məndə mıəlumat yoxdur.
- Edilən zənglər yerli futbolçulara da aiddir, yoxsa yalnız legionerlərlə bağlıdır?
- Maraq hamısına var. Bəlkə də daha çox azərbaycanlı futbolçularla bağlıdır. Son vaxtlar azərbaycanlı menecerlərin də sayı çoxalıb. Həmin menecerlər də futbolçularımıza kənardan zənglər edib, maraqlanırlar. Azərbaycanlıların gələcəyini düşünən menecerlər, dostlar daha çoxdur.
- Yanvar ayında “Qarabağ”dan gedən, yaxud gələn olacaq?
- Hələ ki, konkret danışıq apardığımız futbolçu yoxdur.
- “Qarabağ” hansı mövqe üçün futbolçu axtarır?
- Hər mövqe üçün danışıqlar aparırıq, maraqlanırıq. Gündəlik iş saatımızın ən çox zaman ayırdığımız hissəsi transferlərlə bağlıdır. Xeyli sayda futbolçuya baxırıq, danışıq aparırıq. Bu, bütün mövqelərə aiddir. Görək danışıqlar hansı səviyyədə olacaq. Bəzi mövqelərdə futbolçu sayını artırmaq istəyirik. Ötən il həddən artıq güc sərf etdik. İlboyu bu şəkildə davam edəndə futbolçuların fiziki və psixoloji baxımdan gücü çatmır. Ona görə də yaxşı səviyyədə əlavə futbolçulara ehtiyac var.
- “Qarabağ” pley-offa vəsiqə qazansa, transferlərlə bağlı hərəkətlilik olacaq?
- Planımızı pley-offa görə yox, hazırkı vəziyyətə görə qurmuşuq. “Ayntraxt”a qalib gələcəyik, yaxud məğlub olacağıq – işimizə bu cür yanaşmırıq. Belə bir niyyətimiz olsaydı, Liqa mərhələsinə vəsiqə qazananda daha artığını edərdik. Futbolçu Bakıya gəlib sənədə imza atamayana qədər biz onunla gücləndiyimizi deyə bilmərik. O qədər olub ki, ilk cəhddə danışıb razılaşmışıq, bir dəfə qiyməti qaldırıb, razılaşmışıq, ikinci dəfə qaldırıb, yenə razılaşmışıq. Belə deyim, bizimlə “oynayıblar”. Lakin son anda nəsə alınmayıb. Belə hallar çox olub. Güclənmək istəyimiz hazırkı futbolçulardan narazı olmağımla bağlı deyil. Sadəcə işimizi daha da yaxşılaşdırmaq istəyirik.
- Qış fasiləsinə “Sabah” lider qismində yollandı. Bu, sizi narahat edir? İlk pilləni geri qaytarmaq üçün hansı planlarınız var?
- Bunlar normal prosesdir. Narahatlıq məndə həmişə olub. İstər “Sabah”a qarşı olsun, istər “Neftçi”yə, istərsə də “Zirə”yə qarşı. Rahatlığı çempionluğu təmin edəndən sonra hiss edirəm. Adlarını çəkdiyim komandalar iddialıdır, istəkləri böyükdür. İstənilən halda iddiamızdan əl çəkmirik. Çempion olmaq şansımız varsa, sona qədər mübarizə aparacağıq. Futbolda “hər il çempion olmalısan” deyə qanun yoxdur. Böyük liqalarda belə, çempionun adı dəyişir, liderlərin adından fərqliliklər olur. Daha ciddi və diqqətli olmalıylıq. Qarşıda bizi iddialı rəqiblərə qarşı ciddi mübarizə gözləyir.
- 2021-ci ildə çempionluğu bayram edən “Neftçi” daha təhlükəli idi, yoxsa indiki “Sabah”?
- İlk növbədə özümüzün təhlükəli olmağımızı istəyirəm. Ümumi götürsək, o vaxtın “Neftçi”sində olan istək bu gün “Sabah”da var. Bütün komandalar avrokuboklara vəsiqə qazanmaq üçün alışıb-yanır. Son aylarda bəlkə də Premyer Liqadakı rəqiblərimizin istəyi bizdəkindən çox idi. Ağır il keçirdik, sıx qrafikdə meydana çıxdıq, Çempionlar Liqasında son 2 oyunda məğlub olduq, təzyiqlər var idi – bütün bunlar futbolçulara müəyyən mənada təsir etmişdi, ümumi enerjimizi aşağı salmışdı. “Sabah”a gəlincə, çox yaxşı işlər görürlər. Biz də öz növbəmizdə qarşımızda belə bir iddialı komandanı gördüyümüz üçün sevinirik.
- 2026-cı ildə futbolla bağlı arzularınız yəqin ki, Azərbaycan çempionu olmaq, ölkə kubokunu qazanmaq və növbəti dəfə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqdır. Maraqlıdır, şəxsi həyatınızla bağlı arzularınız nədən ibarətdir?
- Şəxsi həyatımın özü də futbolla bağlıdır. Ən böyük arzum xalqın, azarkeşlərin, bizə ümid bəsləyənlərin inamını itirməmək olub. Titul qazanmaq şərt deyil, önəmli olan özümə qarşı güvəni hiss etməyimdir. Mənim üçün çox vacib amildir. O ki qaldı sırf şəxsi həyatıma, bu barədə danışmağı xoşlamıram.
- İstirahət müddətində rahat dincəlmək üçün futboldan uzaq qaldığınız günlər oldu?
- Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, yenə futbol söhbəti açılır, məğlubiyyətlər müzakirə olunurdu. İstər yaxınlarım olsun, istər dostlarım. Məni dərindən başa düşən 3-4 nəfəri çıxmaq şərti ilə hamı futboldan danışırdı. Kimsə nəyisə soruşmaq istəyəndə çıxışına “düzünü sən yaxşı bilirsən, amma filan şeyi niyə belə etmədin?” cümləsi ilə başlayır. Bu, bizdə ənənəyə çevrilib. Dediyim 3-4 nəfər var ki, heç vaxt müzakirə etmirlər, daim fikirlərimə hörmətlə yanaşırlar, mənə motivasiya verirlər. Futbolçularımın istirahətdən gümrah və gülərüz qayıtması mənim üçün ən böyük istirahətdir.
- Renat Dadaşovun “Qarabağ”a təklif olunması ilə bağlı xəbərlər dərc olunurdu. Belə bir mövzu var idi?
- Xeyr, Renat bizə təklif olunmayıb.
- Bəs, siz onu komandanızda görmək istərdiniz?
- Azərbaycan millisinin üzvüdür, lakin bu gün belə bir fikrimiz yoxdur.
- Ağdamdakı “İmarət” stadionunun 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub. Sizcə, açılış oyunu Premyer Liqa çərçivəsində olacaq, yoxsa Çempionlar Liqası? Hansını arzulayırsınız?
- O günə qədər sağ qalmağım vacibdir. Hər şeydən əvvəl stadion hazır olandan sonra vəziyyətə baxmaq lazımdır. Lakin ümumi götürsək, mənim üçün turnirin önəmi yoxdur. Önəmli olan “İmarət”də meydana çıxmaqdır. Fikrimcə, həmin oyun Çempionlar Liqasının finalı kimi qəbul olunacaq.
HƏBİB / SPORTİNFO.AZ

