“Qarabağ”da istirahət müddəti başa çatıb.
Komanda üzvləri yanvarın 3-də klubun bazasında bir araya gəlib.
“Köhlən atlar”ın ilk məşqindən hazırlanmış fotoreportajda əksər futbolçular gözə dəysə də, bəzilərin yoxluğu diqqət çəkib.
Abdullah Zubir, Kamilo Duran, Kevin Medina, Pedro Bikalyo, Kadi Borges, Toral Bayramov kimi aparıcı futbolçuların məşqdən görüntüsü yoxdur.
Və bu məqam sosial şəbəkələrdə ortaya haqlı sual çıxarıb.
Klubdan aldığımız bilgiyə görə, buna səbəb bəzi futbolçuların həmin vaxt fərdi məşq etməsi, bəzilərinin trenajor zalında çalışmasıdır.
Hamı bir nəfər kimi düşərgədədir. Hətta zədəsinin müalicəsi ilə məşğul olan Kadi də Bakıya təşrif buyurub. Braziliyalı yarımmüdafiəçi bir müddət fərqli məşqlərlə kifayətlənəcək.
2026-cı ilin ilk günlərində kollektivdən kənar qalan yeganə ad Şahruddin Məhəmmədəliyevdir.
Ötən ay əməliyyat masasına uzanan 31 yaşlı qapıçı bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Azərbaycan millisinin də şərəfini qoruyan Məhəmmədəliyevin yaşıl meydanlara nə vaxt qayıdacağı müalicənin gedişindən asılı olacaq.
Yeri gəlmişkən, yanvarın 9-nə qədər Bakıda hazırlıq keçəcək “Qarabağ” ertəsi Türkiyəyə yola düşəcək.
10-17 yanvar aralığında Antalya şəhərinin Bələk bölgəsində məskunlaşacaq Ağdam təmsilçisi ayın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə), 16-da Polşanın “Zaqlebie Lubin” komandaları ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.
HƏBİB / SPORTİNFO.AZ

