Az qala hər gün "Qarabağ"ın hansısa bir futbolçusuna xarici klublardan təklif olduğuna dair xəbərlərə rast gəlirik.
Rəsmiyyətdə bir şey olmasa da, agentlər futbolçuların yaxasını buraxmırlar.
"Qarabağ" artıq qış toplanışına başlayıb. Bakıda başlayıblar, sonra Türkiyədə iki yoxlama matçı keçirəcəklər, yanvarın 21-də isə Çempionlar Liqasında oyuna çıxacaqlar.
"Qarabağ" "Hamletin monoloqu"ndakı "olum, ya ölüm" dilemmasına bənzər matçda "Ayntraxt"la üz-üzə gələcək.
Görüşün əhəmiyyəti barədə uzun-uzadı nəsə yazmağa ehtiyac yoxdur. Turnir cədvəli baxımından hər şey göz önündədir. "Qarabağ" Çempionlar Liqasında mübarizəni davam etdirmək istəyirsə, Bakıdakı oyunda qələbə qazanmaq lazımdır.
Lakin bu dəfə Qurban Qurbanov bəlkə də həmişəkindən daha çətin vəziyyətlə üzləşib. Bir futbolçunun performansında geriləmə varsa, onu yaxşılaşdırmaq olar. Komanda taktiki cəhətdən nədəsə axsaqlıq yaşayırsa, bunu da təkmilləşdirmək mümkündür.
Amma əgər komandanın yarısından çoxu başqa klublara keçmək xəyalına tutulubsa, belə beyinləri göylərdən yerə endirmək çətin, çətindən də çətin məsələdir.
Əksər futbolçuların yalnız cisimləri toplanışdadır, ruhları "Qarabağ"dan çox uzaq diyarlardadır.
Yenə də ümid Qurban Qurbanovun təcrübəsinə qalıb. Bu durumda "Qarabağ"ı məsul oyuna hazırlamaq qəliz işdir (sportal.az).
Həmid

