"Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev azərbaycanlı məşqçi Etibar İbrahimov ilə birlikdə OBASA Oyunları 2025 turniri çərçivəsində Nigeriyaya səfər edib.
Sportinfo.az xəbər verir ki, Aftandil Hacıyev səfər müddətində bir həftə ərzində turnirin yarımfinal və final mərhələlərini izləyib.
Səfərin əsas məqsədi istedadlı gənc futbolçuları müşahidə etmək, onları analiz etmək, yerli məşqçilərlə görüşlər keçirmək, həmçinin "Qarabağ" haqqında ümumi məlumat vermək, akademiyanın metodologiyası, iş prinsipləri və inkişaf modeli barədə ətraflı müzakirələr aparmaq olub.
Turnirdən sonra U19 komandaları arasında seleksiya xarakterli oyunlar da izlənilib. Aparılan müşahidələr nəticəsində 8 futbolçunun çıxışı müsbət qiymətləndirilib və onların gələcəkdə Azərbaycana dəvət olunması ilə bağlı ilkin müzakirələr aparılıb.
Səfər çərçivəsində A.Hacıyev yerli futbol klublarının rəhbər və məşqçi heyətləri ilə də görüşlər keçirib, ev sahiblərinə dəvətə görə təşəkkürünü bildirərək bu səfərin maraqlı və faydalı təcrübələrlə yadda qaldığını, əldə olunan bilik və müşahidələrin gələcəkdə akademiyanın fəaliyyətində istifadə ediləcəyini qeyd edib.

