“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bəlkə də, məşqçilik karyerası ərzində ən çətin sınaqlardan biri qarşısındadır.
Onun komandası tarixində ikinci dəfə vəsiqə qazandığı UEFA Çempionlar Liqasında pley-off mərhələsinin bir addımlığındadır.
Amma gələn il yanvarın 21-də Bakıda keçiriləcək Frankfurt “Ayntraxt”ı ilə qarşılaşmaya kimi Qurbanov komandasını toparlamalıdır. Bəlkə, özü də toparlanmalıdır…
“Qarabağ”ın bir neçə oyunçusuna xarici klublardan təkliflər var. Baş məşqçilər üçün futbolçularına hansısa vacib turnirdə, əhəmiyyətli matçlardan əvvəl təkliflərin gəlməsi xoşagəlməz haldır. Bir baş məşqçi üçün bir futbolçunu fiziki, taktiki, texniki yöndən hazırlamaq asandır, nəinki psixoloji baxımdan. Qurbanov, Pedro Bikalyo, Marko Yankoviç kimi aparıcı futbolçularının xarici klublardan edilən təkliflər fonunda başgicəllənməsinin qarşısını almalıdır. Həm də, mümkün qədər tez, qarşıda “Ayntraxt”la taleyüklü qarşılaşma var.
Belə vacib məqamda futbolçularına təkliflərin olması Qurbanovun da ürəyincə deyil. Bunu onun son açıqlamasından anlamaq olar:
“Bəzi futbolçulara rəsmi olmayan təkliflər var. Sanki komandada qarışıqlıq başlayıb. Çempionlar Liqasının qarşıdakı oyunları üçün siyahiya kimisə əlavə edə bilmərik. Ona görə də, kiminsə getməsini istəmirəm”.
Qurban bəyin daha bir problemi azarkeşlərlə və mətbuatla ulduzu heç cür barışmayan Nəriman Axundzadədir. “Ayaks”la oyundakı (2:4) bərbad çıxışından sonra gənc hücumçu mətbuatda, sosial mediada tənqid olundu, hətta daha insafsız olanları təhqirə keçdi. Elə baş məşqçi özü də Axundzadəni Niderland komandası ilə matçda meydana erkən buraxdığı üçün yetərincə tənqid olundu. Bütün bunların isə “köhlən atlar”ın düşərgəsindəki ab-havaya təsir etməsi mümkündür və normaldır.
İndi Qurban Qurbanov “Ayntraxt”la oyuna kimi həm xarici klublardan təklifləri olan futbolçuların “ağıllarını başlarına gətirməli”, həm təzyiqlər qarşısında elə də güclü görünməyən Nəriman Axundzadəni “silkələməli”, həm də, özü toparlanmalıdır. Onun bunu bacarıb-bacarmayacağını isə yanvarın 21-də görəcəyik (komanda.az).
Kürşad

