"Qarabağ"ın veteran yarımmüdafiəçisi Aslan Kərimov Sportinfo.az-a açıqlama verib.
Təcrübəli futbol mütəxəssisi Premyer Liqanın arxada qalan birinci yarısında gedən liderlik mübarizəsini dəyərləndirib.
O, "Qarabağ"ın qış fasiləsi öncəsi liderliyi əldən verməsindən və "Sabah"ın son qədər birinci pillədəki yerini qoruya bilib-bilməyəcəyindən danışıb:
"Qarabağ"ın Çempionlar Liqasındakı oyunları daxili görüşlərə birbaşa təsir etdi.
Açıq-aşkar görünür ki, hər iki cəbhədə vuruşmaq asan deyil. Bəlkə də qruplarda çıxış edəndə balansı qorumaq mümkün idi.
Amma Çempionlar Liqasının yeni formatında bunu etmək onlar üçün çətindir. Çempionat görüşlərində boşluqlar aşkar görünür. Əvvəlki illərdə bəlkə də rəqiblər həmin boşluqları dəyərləndirə bilmirdi. Amma bu mövsüm komandalar heyətini əcnəbilərlə gücləndirdikləri halda "Qarabağ"a çətinlik yaşatmağı bacarırlar.
"Sabah" da bu rəqiblərdən biridir. Və aralarındakı mübarizədə "Qarabağ"ı məğlub edə bildi. Tək "Sabah" yox, elə "Sumqayıt" da həmin səhvləri bağışlamadı.
"Qarabağ" qalib gəldiyi oyunlarda səhv buraxmırdımı? Təbii ki, buraxırdı. Lakin bu səhvləri dəyərləndirəcək rəqib və ya oyunçular yox idi.
"Qarabağ"ın Çempionlar Liqasında hara qədər gedəcəyini bilmirəm. Amma bir yerdə komanda bütün gücünü çempionata verəcək. Onda isə "Sabah"ın bu rəqabəti sona qədər daşıması çətin kimi görünür. Bəlkə də aralarındakı görüşdə uda bilər, amma uzunmüddətli marafonda "Sabah"ın səhv etmədən bütün rəqiblərinə qalib gəlməsi real görünmür.
Heyət tam komplektləşməyib. Hər hansı zədə falan olduğu halda bəzi açar oyunçuları əvəzləmək çətin olacaq. Onlardan biri mərkəz müdafiəçisi Solvetdir. Uğurlar əsas pay sahibidir. Onu əvəzləmək asan olmayacaq. Təbii ki, hücum xətti də yaxşıdır. Digər komandaların isə "Qarabağ"a çatacağı çətin görünür".
XANOĞLAN

