Çempionlar Liqasında pley-off mərhələsinə adlamağı hədəfləyən “Qarabağ” qış “transfer pəncərəsi”ndə heyətini gücləndirmək istəyir.
Ağdam təmsilçisi artıq bir legionerlə danışıqlara başlayıb.
“Qarabağ” Belçikanın II Liqa təmsilçisi “Lyej”in hücumçusu Umar Diufu düşərgəsinə cəlb etməyə çalışır.
Bu barədə Belçikanın "Walfoot" nəşri məlumat yayıb.
Xəbərdə Ağdam təmsilçisinin 22 yaşlı forvard üçün onun klubuna 1,2 milyon avro təzminat təklif etdiyi, qarşı tərəfin isə bununla razılaşmadığı bildirilib. “Lyej”in seneqallı üçün 1,5 milyon avro tələb etdiyi qeyd olunub.
Umar Diufla Belçikadan "Gent", "Sint-Truiden", OHL və "Cercle Brügge", xaricdən isə "Qarabağ", Kipr təmsilçisi "Pafos" və adı açıqlanmayan İngiltərə Çempionşip klubunun maraqlandığı da bildirilir.
Umar Diuf bu mövsüm II Liqada 18 oyuna 8 qol vurub və 2 qol ötürməsi edib. Onun “Lyej” ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqaviləsi var.
O, bu ilin yayında "Çaykurspor"dan (Türkiyə) 750 min avro qarşılığında "Lyej"ə keçib.
Hazırda "Lyej"in bir neçə futbolçusuna maraq artsa da, Umar Diuf mümkün ayrılıq üçün ən real namizəd kimi göstərilir.
Lakin onun "Qarabağ"ın yolunu tutacağı hələ böyük sual altındadır.
Düzdür, səbəbkarın ürəyindən Çempionlar Liqasında özünü göstərmək keçir və şəxsi müqavilə şərtlərində heç bir problem yoxdur - Azərbaycan çempionunun ona ödəməyə hazır olduğu məbləğlə razıdır.
Sadəcə, klubların mövqeyində fikir ayrılığı mövcuddur. Aldığımız son məlumata görə, Ağdam təmsilçisi təklif etdiyi məbləği, uzaqbaşı, 100 min avro artırmağa hazırdır, daha çox yox.
Odur ki, belçikalılar gözləmə mövqeyinə çəkilib. Yanvarın ilk həftəsində qərar verəcəklər - Diufu bu qiymətə «Qarabağ»a satsınlar, ya necə.
Onadək digər variantları ələ alacaqlar. Məqsədləri təkliflər içindən ən sərfəlisini seçməkdir.
Komandanın baş məşqçisi Enqlebert Qaytan seneqallı hücumçunun mümkün satışı ilə bağlı danışıb.
DAZN-a açıqlamasında bildirib ki, mövcud heyətin qorumasını istəsə də, afrikalı gəncin satışından əldə edilən gəlir klub üçün faydalı ola bilər. Deyib ki, “Lyej”in maliyyə reallıqlarını da nəzərə almaq lazımdır:
“Çox vaxt yeni futbolçular tələb etmirəm. Əsas istəyim indiki heyəti qoruyub saxlamaqdır. Amma klubun maliyyə reallıqlarını da bilirik. İnkişaf etmək üçün bəzən büdcəyə pul daxil olmalıdır. Bu, oyunun bir hissəsidir”.
SPORTİNFO.AZ

