Marko Yankoviçin “Qarabağ”dan ayrılması gündəm mövzusudur.
2022-ci ildən bu yana “köhlən atlar”ın uğurları üçün tər tökən Monteneqro millisinin üzvünə Kipr və Yaponiya klublarından sərfəli təkliflərin olduğu bildirilir.
30 yaşlı futbolçu karyerasının son illərində daha çox pul qazanmaq arzusu ilə Azərbaycanı tərk etmək niyyətindədir.
Marko bir neçə gün öncə sosial şəbəkə hesabında etdiyi paylaşımdakı son cümlə ilə diqqətləri üzərinə çəkib:
“Gələcəkdə nə baş verəcəyini görmək üçün səbrsizlənirəm”.
“Qarabağ”lının məlum paylaşımı azərbaycanlı futbolçular tərəfindən birmənalı qarşılanmayıb.
700-ə yaxın şərhlərin arasında onu “Neftçi”yə səsləyənlər də var, “Qarabağ”dan ayrılmasını istəyənlərə də rast gəlmək mümkündür. Böyük əksəriyyət isə səbəbkarı hazırkı komandasında qalmağa çağırıb:
“Ədalət Şükürovla həmyaşıdsan e, qaqam. 23-24 yaşın olsaydı, yenə nə isə. Hansısa ortabab kluba gedəcəksən, 3 aydan sonra zədələnən kimi yerinə gətirəcəklər, oturacaqsan ehtiyatda. İndi özün düşün, getməyə dəyərmi?”
“Neftçi”yə gəl, burada haqq etdiyin dəyəri görəcəksən”.
“Son oyunlarda hiss etdirmişdi getmək istəyini. Məyusluq hissi ilə uğurlar arzulayıram sənə”.
“Heç bir futbolçu klubdan artıq deyil. Get!”
“Əvəzolunmaz insan yoxdur. Amma səni əvəz edən olmayacaq”.
“Getmə, Maestro. Bizi tək qoyma”.
“Neftçi”yə gəl”.
“Ağz-burun əyə-əyə oynayacaqsa, getsin. Bunun da yeri dolar”.
“Qarabağ”da yerin tarixə düşdü. Uğurlar. Bu komandada can qoyduğun üçün təşəkkür edirəm”.
“Sonluq hər zaman belə olur. Biri gedir, digəri gəlir. Bir Marko gedəcək, digər Marko gələcək. Uğurlar, mənəvi kapitan”.
“Gedən digərləri kimi bir gün sənb də peşman olacaqsan”.
“Frankfurt”la “Liverpul”u yola verək, sonra gedərsən. Klublar qaçmır, istəyən gözləyəcək”.
“Qarabağ”dan getsən bununla da işığın sönəcək. Juninyo ilə Romaonun gününə düşəcəksən. “Qarabağ”dan gedən xeyir tapmayıb”.
“Bura qədər gəlmisən, “Frankfurt”la “Liverpul”a qarşı oynayıb, komandanı Çempionlar Liqasının pley-offuna apar, sonra gedərsən”.
Maraq üçün bildirək ki, Marko Yankoviçin “Qarabağ”la sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir.
HƏBİB / SPORTİNFO.AZ

