"Qarabağ"ın transfer gündəmində olan Belçikanın "Lyej" klubunun futbolçusu Umar Diuf barədə yeni məlumat yayılıb.
Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Enqlebert Qaytan seneqallı hücumçunun mümkün satışı ilə bağlı danışıb.
O, DAZN-a açıqlamasında bildirib ki, mövcud heyətin qorumasını istəsə də, 22 yaşlı forvardın satışından əldə edilən gəlir klub üçün faydalı ola bilər. Baş məşqçi deyib ki, klubun maliyyə reallıqlarını da nəzərə almaq lazımdır:
“Çox vaxt yeni futbolçular tələb etmirəm. Əsas istəyim indiki heyəti qoruyub saxlamaqdır. Amma klubun maliyyə reallıqlarını da bilirik. İnkişaf etmək üçün bəzən büdcəyə pul daxil olmalıdır. Bu, oyunun bir hissəsidir”.
Daha əvvəl yayılan məlumatlara görə, 2-ci liqa təmsilçisi "Lyej" Umar Diufun mümkün satışından 1,5 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Futbolçu ilə Belçikanın bir neçə yüksək liqa təmsilçisinin və xarici klubların maraqlandığı bildirilib. “Qarabağ”ın isə 1.2 milyon avroluq təklifinin rədd edildiyi qeyd olunub.
Bu gün yayılan xəbərlərə görə isə hazırda "Lyej"in bir neçə futbolçusuna maraq artsa da, Umar Diuf mümkün ayrılıq üçün ən real namizəd kimi göstərilir.
Umar Diuf bu mövsüm Belçikanın 2-ci liqasında 18 oyuna 8 qol vurub və 2 qol ötürməsi edib. Onun “Lyej” ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqaviləsi var.
O, bu ilin yayında "Çaykurspor"dan (Türkiyə) 750 min avro qarşılığında "Lyej"ə keçib.

