«Qarabağ» Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda ikinci məğlubiyyətini aldı.
İtaliya səfəri 0:2 hesablı yenilgi ilə bitdi.
«Napoli» hər iki qolu fasilədən sonra vurdu, turnir cədvəlində ümumi xal ehtiyatını «Qarabağ»la bərabərləşdirdi.
Azərbaycan çempionu oyuna həmişəki kimi başladı, amma həmişəki kimi bitirmədi. İlk dəqiqələrdən ərazi üstünlüyünə yiyələnən, ev sahiblərinin cərimə meydançası həndəvərində «çadır» quran «Qarabağ» hissənin ortalarına doğru tədricən geri çəkildi.
İkinci yarıda isə dominantlıq edən tərəf artıq «Napoli» idi. «Qarabağ» tərəfdən oyunun qəhrəmanı bir nəfərdir - Mateuş Koxalski.
Polşalı qapıçı nə seyvlər elədi, ilahi! Koxalski insan dərisinə bürünmüş xeyirxah mələk kimi hələ ilk hissədən etibarən dəfələrlə komanda yoldaşlarının xilaskarına çevrildi, penalti qaytardı.
Qapısında gördüyü iki qoldan birində də səhv onun deyildi. Bəhlul Mustafazadə ilə Marko Yankoviçin topa tərs toxunuşu «Napoli»yə 3 xal qazandırdı.
«Qarabağ»ın orta sahəsi dünən ən pis oyunlarından birini keçirdi. Kadi Borgesin yoxluğu yarımmüdafiə xəttinin faydalı iş əmsalını çox aşağı saldı
. Marko Yankoviçlə Pedro Bikalyonun günü deyildi dünən. Tonusdan tez düşdülər.
Top almağa gec qaldılar. Top qəbulunda da həmçinin.
İkinci toplara vaxtında yetişmədilər, əks-hücumların sayında azalma müşahidə olundu.
Abdulla Zubir bəzən cinahı atıb mərkəzə tərəf meyllənir, bəzən də yerdəyişmə edirdi. Məcburiyyət üzündən.
Fransalı vinger topu vaxtında qəbul edə bilmədiyindən, sahənin ortasına kimi gəlir, burada isə onun başının üzərini qarğa-quzğun kimi alırdılar.
Kapitan narazılıq və giley yağan gözləri ilə çarəsiz göründü. Dil-dodağı qurumuşdu.
Danışmasa da, simasından «axı mən nə edim…» təlaşı oxundu.
MUSA

