Qurban Qurbanovun dünəni - Hamının bilməli olduğu HƏQİQƏT!

17:00 Qarabağ 172
Qurban Qurbanovun dünəni - Hamının bilməli olduğu HƏQİQƏT!

Tez-tez "Qarabağ"ı göstərib, digər klublara mesaj verilir ki, uğurlu olmaq üçün baş məşqçiyə güvənmək, zaman vermək lazımdır.

Tam doğru, həqiqət payı çoxdur. Həqiqətən, uğurlu olmaq üçün bəzən uğursuz nəticələrə səbr etmək lazımdır.

Amma ortada bir işıq varsa əgər...

Məsələn, Qurban Qurbanova kimi "Qarabağ" rəhbərliyi 2001-ci ildən 2008-ci ilə qədər olan 7 illik dövrdə 4 baş məşqçi dəyişdirib.

Nə oldu eyni rəhbərlik Qurbanova kimi onun həmkarlarına niyə dözmədi?

Təbii ki, əsaslı səbəblər var.

Baxmaq lazımdır ki, Qurban Qurbanovun "Qarabağ"da ilk illəri necə olub?

2008/09 mövsümünün gedişində Rasim Karanın atıb getdiyi komandanın başına keçib. Elə həmin mövsüm Ölkə Kubokunun qalibi olaraq titul qazanıb.

Ardınca Avropa Liqasında pley-off mərhələsinə kimi yüksəlib. Əksər hallarda 1 mərhələ sevinci yaşadığımız o dönəmlər üçün bu nəticə fantastik bir şey idi. Möcüzəyə bərabər sayılırdı.

Özü də yalnız Admir Telli xaric bütün heyət Maksim Medvedev, Rauf Əliyev, Əfran İsmayılov, Vaqif Cavadov kimi 18-19 yaşlı gənc yerlilərdən ibarət idi.

2009/10 mövsümündə isə çempionluq son turda əldən çıxmışdı. İlk çempionluğa qədər yalnız 1 dəfə komanda avrokuboklardan kənarda qalmışdı. Digər hallarda isə Avropa səhnəsində digər klublarımızdan daha yaxşı nəticələri ilə hamını sevindirirdi. Qısa xronologiyasını danışdım, detallarda isə çox şeylər var.

İl olub 2025 təəssüf ki, yenə bəzən elə görüntü yaradırlar ki, sanki Qurban Qurbanov "Qarabağ"da 5 mövsüm - yəni ilk çempionluq gələnə kimi ancaq uğursuzluq yaşayıb və rəhbərlik onun arxasında durub.

Xeyr, cənablar. Qurbanov "Qarabağ"da heç vaxt istefaya gedəcək nəticə, oyun göstərməyib. Ən azı 4-5 rəqibi ilə müqayisədə heyəti, büdcəsi geri qalsa belə, oyunu ilə rəqabət aparıb, yaxşı oyunlar keçirib. Qısası, elə ilk gündən Qurbanov Ağdam klubunda yaxşı gələcəyə ümid verib. Klub boş yerdən ona sahib çıxmayıb.

Sadəcə bəzi qüvvələr zaman-zaman onun "Neftçi"dən olduğu kimi, "Qarabağ"dan da didərgin düşməsinə səy göstərib.

"Qarabağ" rəhbərliyinə buna görə təşəkkür düşür ki, həmin qara qüvvələrin propaqandasına aldanmadı, yola davam etdi. Və bu gün barını görür.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti