Gələcəyinə böyük ümidlər bəslənən Hikmət Cəbrayılzadə son vaxtlar göz dəymir.
Ötən mövsümün 35-ci turunda, “Kəpəz”lə qarşılaşmada “Qarabağ”ın əsas komandasında debüt edən 18 yaşlı yarımmüdafiəçi Qurban Qurbanovun etimadını qazana bilmişdi.
Təcrübəli çalışdırıcı Hikmətin potensialına bələd olduğundan onu yay təlim-məşq toplanışına cəlb etmiş, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin “Şkendiya” ilə Bakıdakı görüşündıə meydana buraxmışdı.
Daha sonra Premyer Liqanın 2-ci turunda “Sumqayıt”, 3-cü turunda “Karvan Yevlax”, 7-ci turunda “Kəpəz”lə oyunlarında əsas heyətdə şans qazanan U-21 millimizin üzvü daxili çempionatın son 5 qarşılaşmasını kənardan izləyib. Adı ümumiyyətlə iştirak ərizəsinə salınmayıb.
Cəbrayılzadə zədəli, yaxud hansısa şəxsi problemin təsiri altında olsa, “Qarabağ”ın U-19 komandasının heyətində 4 oyunun hamısında iştirak etməz, əsas komandada “Kopenhagen”, “Atletik Bilbao” və “Çelsi” ilə duellərdə adı iştirak ərizəsinə salınmazdı.
Demək ki, səbəb başqadır. Heyət yetərsiz olduğundan U-19-un ÇL oyunlarında meydana çıxır, adı UEFA-ya göndərildiyi üçün əsas komandanın ÇL oyunlarında ehtiyat oyunçular skamyasında yer alır. Lakin Premyer Liqada kənarda qalır.
Səbəbsiz olması mümkünsüzdür.
Səbəbkarın özünə yaxın mənbədən əldə etdiyimiz bilgiyə görə, Qurban Qurbanov Hikmətə qarşı qəzəblidir. Qurbanovun gənc futbolçunun futboldankənar həyatı ilə bağlı eşitdikləri onu özündən çıxarıb.
Ancaq Cəbrayılzadəni silib atmayıb. Toparlanması, hərəkətlərinə fikir verməsi və ən əsası özünü “Qarabağ”ın futbolçusu kimi aparması üçün vaxt verib.
Bir müddət müşahidə aparılacaq. Əməllərini düzəltsə və ən əsası, ətrafını təmizləsə, ya da oradan uzaqlaşsa, yenidən əsas komandada oynamaq şansı qazanacaq. Əks halda Coşqun Diniyev, Elvin Yunuzadə, Araz Abdullayevin aqibəti ilə üzləşəcək.
2007-ci il təvəllüdlü orta sahə oyunçusu “Qarabağ”ın əsas komandasında 5 rəsmi matçda 223 dəqiqə meydanda olub.
SPORTİNFO.AZ

