“Qarabağ” – 8-ci xal, yağ üstündə bal

19:40 Qarabağ 210
“Qarabağ” – 8-ci xal, yağ üstündə bal

Bu gecə dünya azərbaycanlıları gözlərini İtaliyaya dikəcək.

Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan “Qarabağ” Dieqo Maradonanın adını daşıyan stadionda 4 qat İtaliya çempionu “Napoli”nin önünə çıxacaq.

Razılaşsaq da, razılaşmasaq da, “göylər” bütün komponentlərdə təmsilçimizi üstələyir. Elə bir əsas yoxdur ki, ondan yapışıb “köhlən atlar”ın uğurlu nəticə qazanacağına ümid edək. Yəni, italyanlar bütün hallarda qarşılaşmanın aşkar favoritidir.

Xeyrimizə işləyə biləcək bir məqam var ki, onun ətəyindən yapışıb nəyəsə ümid edə bilərik. “Qarabağ”ın adı, ruhu, əzmkarlığı, mübarizliyi. Məhz bu keyfiyyətlərin hesabına beynəlxalq arenalarda uğurlu nəticələrə imza atmağı bacarıb.

“Braqa” ilə “Benfika” üzərindəki səfər qələbələri, Polşada “Lex”i, Macarıstanda “Ferentsvaroş”u, Yunanıstanda “Olimpiakos”u məğlub etməyi, “İnter”, “Atletiko Madrid”, “Bayer Leverkuzen”, “Çelsi” kimi nəhənglərlə heç-heçələri – hansını deyəsən, hansından danışasan? O qədərdir ki.

“Qarabağ” təcrübəyə, büdcəyə, ad-sana görə geri qaldığı bu klubların hamısına şok yaşatmağı bacarıb.

Bu gün isə növbə “Napoli”nindir. Qurban Qurbanovun futbol səlsəfəsi, “Qarabağ”ın oturuşmuş heyəti, son oyunlarda qələbələri sıralaması, mübarizlik keyfiyyəti, rəqibin heyətindəki itkilər, italyanların baş məşqçisi Antonio Kontenin bizimkilərdən ehtiyatlanması – “köhlən atlar”ın xeyrinə işləyən görün nə qədər məqam var.

“Göylər”in üstünlüyü futbolçuların keyfiyyətində (qiymətində) və öz meydanında oynamasıdır. Nə olsun?

O gün “Neftçi” də özündən 5-10 qat zəif “İmişli” ilə öz meydanında oynayırdı. Aranlıların motivasiyası və qol vəziyyətlərindən lazımınca yararlanması “ağ-qaralar”ı uduzmağa məcbur etdi.

3 xal yağın üstündə bal effekti verər. Ancaq indiki məqamda 7 xalın üstünə 1-ni də qoyub 8 etmək əla olar. Bu, daha real və ağlabatan görünür.

Haydi, “Qarabağ”!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti