Görün, İtaliyanın məşhur nəşri Qurban Qurbanovdan nə yazır!

19:20 Qarabağ 274
Görün, İtaliyanın məşhur nəşri Qurban Qurbanovdan nə yazır!

Sportinfo.az xəbər verir ki, bu gün İtaliyanın bir çox tanınmış nəşri Çempionlar Liqasının 5-ci turunun "Napoli" - "Qarabağ" matçına geniş yer ayırıb.

Bu yazılarda Ağdam klubuna və onun baş məşqçisi Qurban Qurbanova ehtiram ifadə olunub.

"Corriere dello Sport" nəşrinin yazısında qeyd edilir ki, Qurban Qurbanov “Maradona” stadionuna Napoli tarixini yaxşı bilən və sabah bütün “azzurri” mühitində qaçılmaz şəkildə hiss olunacaq bir ildönümünün - Dieqo Armando Maradonanın ölüm gününün- emosional yükünü dərk edən bir hörmətlə gəlib.

"Qarabağ"ın baş məşqçisi dünən keçirdiyi mətbuat konfransında bu mövzudan yayınmayıb.

“O ildönümündən xəbərim var idi, Kontenin sözlərini də oxudum: bilirəm ki, qələbəni ona həsr etmək istəyirlər. Bu, onlar üçün əlavə motivasiyadır, amma bizim üçün də belədir”.

Qəzet həmçinin yazır: "Artıq 17 ildir ki, Azərbaycan klubuna rəhbərlik edən Qurbanov müasir futbol üçün demək olar ki, bənzərsiz bir fenomendir. O, münaqişə zonasını təmsil edən (keçmiş münaqişə zonası), amma futbol baxımından Bakıda böyüyən komanda ilə qurduğu yolun qürurunu daşıyır.

“Qarabağ bizim ölkə üçün çox önəmlidir. Mən bu məsuliyyəti azərbaycanlı kimi hiss edirəm. Bu qədər uzun müddət burada işləmək həm şərəfdir, həm də böyük məsuliyyətdir” - deyə Qurban Qurbanov bildirir.

Lakin uğur qazanmaq üçün cəsarət də lazımdır. Qurbanov bunu dəfələrlə təkrarlayır: “Qol buraxmaqdan qorxmamalıyıq, əksinə, cəsarətli olmalıyıq. Neapolda yalnız hücum futbolu oynayaraq böyük nəticə əldə etmək mümkündür”.

Mətbuat konfransında onun yanında bizim futbol üçün qısa, amma tanış bir sima da var idi: Marko Yankoviç. SPAL və "Krotone"nin keçmiş futbolçusu, bu gün isə Azərbaycan komandasının orta sahəsinin əsas oyunçularından biri. O, nə formal kompliment verdi, nə də ehtiyatlı danışdı – sadəcə real və iddialı idi: “Bilirik ki, "Napoli" güclüdür və İtaliya çempionudur, amma bizim 7 xalımız və inamımız var. Qalib gəlsək də, gəlməsək də fərq etməz: biz həmişə və hər kəsə qarşı hücum futbolu oynayırıq. Məqsədimiz maksimumunu vermək və hörmət qazanmaqdır”.

Ona “Napoli"də ən çox kimdən çəkinirsiniz?” sualı veriləndə Yankoviç gülümsədi: “Mənim sevimlim De Bruynedir… Yaxşı ki, oynamayacaq. Amma "Napoli" onsuz da çox güclüdür”.


İtaliyanın digər məşhur idman nəşri "La Gazzetta della Sport" isə bu matçı "bir qədər ekzotik görünən oyun" adlandırıb.

Qəzet yazır: "Napoli"nin ən çətin dövrü artıq geridə qalmış kimi görünür. "Napoli" bir neçə gün əvvəl “Maradona” stadionunda "Atalanta"ya qalib gələrək dönüş etdi. Bu vacib qələbə Kontenin son vaxtlar yaşadığı narahat fikirləri dağıtdı. O, köhnə 3-5-2 sxeminə qayıdaraq sabitliyi və möhkəmliyi yenidən tapdı. Böyük ehtimalla bu düzülüş Çempionlar Liqasında da tətbiq olunacaq – həm komandanın qrupdan çıxmaq iddiasını gücləndirmək, həm də Avropada əldə edilən mənfi nəticələri yaddan çıxarmaq üçün.

Azərbaycan klubu isə bu mövsüm Çempionlar Liqasının ən böyük sensasiyalarından biridir: 4 oyunda 7 xal. Portuqaliyada "Benfika" üzərində qələbə, Bakıda isə "Kopenhagen"i məğlub etmək və "Çelsi"ni 2:2 hesabı ilə dayandırmaq. Əgər "Qarabağ" “Maradona”ndan da qələbə ilə dönə bilsə, indiyə qədər arzu kimi görünən mərhələ keçmə şansı real hədəfə çevriləcək".

"İl Napolista" nəşri isə "Qarabağ" komandasının Azərbaycan üçün mənəvi əhəmiyyətinə toxunaraq yazır:

"Azərbaycanda idman sahəsində "Qarabağ" FK-dan daha güclü bir simvol yoxdur. Adında həm bir torpağın, həm tarixi bir yaranın, həm də otuz ildən çox davam edən müharibənin izlərini daşıyan bu klub təkcə futbol komandası deyil: xəritədən silinmiş bir şəhərin və heç vaxt evinə dönmək ümidini itirməmiş bir xalqın kollektiv yaddaşıdır".

Neapolda keçiriləcək “Napoli” - “Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 26 noyabr saat 00:00-da) başlanacaq (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti