Çempionlar Liqasının əsas mərhələsinin "Napoli" (İtaliya) - "Qarabağ" oyununa təyinat alan polşalı hakim Şimon Marçinyak daha əvvəl qitənin bir nömrəli klub turnirində 58 matç (əsas və qrup mərhələsi) idarə edib.
Sportinfo.az xəbər verir ki, FIFA referisi indiyədək Azərbaycan millisinin və "köhlən atlar"ın avrokubok qarşılaşmalarında da iş başında olub.
44 yaşlı ədalət təmsilçisi 2012-ci ildə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin Portuqaliya - Azərbaycan görüşünə (3:0) təyinat alıb.
O, 2013-cü ildə isə "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki məğlubiyyətinə şahidlik edib. Marçinyak hazırkı ölkə çempionunun həmin vaxt Almaniyanın "Ayntraxt" (Frankfurt) kollektivinə uduzduğu (0:2) oyunu idarə edib.
Polşalı hakim Avropa və dünya çempionatlarının hərəsində beş qarşılaşmada söz sahibi olub. Təcrübəli hakim bir dəfə UEFA Superkuboku, beş dəfə klublararası dünya çempionatının oyunlarına təyinat alıb.
"Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.

