“Çempionlar Liqasının (ÇL) “24-lük" mərhələsi üçün əlbəttə ki, şanslarımız var.
Rəqiblərimizin hamısı güclü komandalar olsa da, yolumuza davam edirik.
Məqsədimiz qrupdan çıxmaqdır. Nə qədər çətin olsa da, bunu etmək istəyir və bunun üçün çalışırıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə deyib.
28 yaşlı futbolçu ÇL-in əsas mərhələsinin V turunda gələn həftə keçiriləcək “Napoli” ilə matça hazırlıqlardan danışıb:
“Bizi çətin səfər oyunu gözləyir. Məqsədimiz oradan xal və ya xallar qazanmaqdır.
Bunun üçün çalışırıq. Premyer Liqadakı oyunu da qələbə ilə başa vurduğumuz üçün artıq bütün diqqətimizi həmin matça yönəltmişik. Ümid edirəm ki, İtaliyadan yaxşı nəticə ilə qayıdacağıq”.
Mustafazadə Premyer Liqanın XII turunda səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə məğlub etdikləri oyunun böyük matç öncəsi yaxşı motivasiya olduğunu vurğulayıb:
""Sumqayıt" öz meydanında yaxşı çıxış edir. Biz də bu oyuna maksimum hazırlaşmışdıq.
Oyun gərgin keçdi. Bəzən biz, bəzən rəqib üstünlük qazanırdı.
Ümumilikdə isə 3 xal qazandığımız üçün sevinirik. “Sumqayıt” bu mövsüm yeganə məğlub olduğumuz komanda idi.
Buna görə ikiqat ciddi hazırlaşmışdıq. Maksimum çalışırdıq ki, qol vuraq.
Düzdür, rəqib də bəzi imkanlar yaratdı. Amma nəticədə qalib gəldik.
Milli fasiləyə görə komanda müəyyən müddət bir araya gələ bilməmişdi. Buna görə də böyük oyundan əvvəl birlikdə oynamağımız vacib idi.
Bu qarşılaşma bizim üçün yaxşı təcrübə oldu. Qarşıda “Napoli” ilə oyun var. Ümid edirəm ki, orada da yaxşı nəticə əldə edəcəyik”.
"Qarabağ” noyabrın 26-da, Bakı vaxtı ilə 00:00-da İtaliyada “Napoli”nin qonağı olacaq.

