Bu, yalnız bir futbol oyunu deyildi.
"Qarabağ" - "Çelsi" qarşılaşması 2-2 hesabıyla başa çatdı, amma nəticədən daha böyük bir şey baş verdi:
Bizim uşaqlar tarix yazdılar! Bütün dünyanın gözü məhz bu oyunda, bizlərdə idi. Və bütün dünya yazılan bu möhtəşəm tarixi heyrətlə izlədi.
Bəli, sevincliyik! Qürurluyuq! Bizim uşaqlar yalnız top qovmadı. Onlar savaşdılar! Azərbaycan üçün, bizim üçün, Şəhidlərimizin əziz xatirəsi üçün savaşdılar!
Bu sıradan bir oyun deyildi. Rəqib dünya devi olsa da məsələ bu da deyildi! Məsələ zaman və tarix idi! Zəfər günü öncəsi, zəfərimizin beş illik yubileyi!
Qurban Qurbanovun oyundan öncə nə hisslər keçirdiyini çox yaxşı anlayıram! Bəlkə də deyərdim həyatının ən stresli anlarını yaşadı. Bizlərə zəfər öncəsi zəfəri hədiyyə etmək üçün.
Zəfər günü ərəfəsində belə bir nəticə almaq təsadüf deyil. Sanki bu ilahi bir xatırlatmadır. Biz yalnız 44 günə torpaqlarımızı geri almadıq, eyni anda ruhumuzu, adımızı, bayrağımızı da ən yüksək zirvəyə qaldırdıq. İndi o qələbənin izi hələ də yaşayır: meydanda, tribunada, qəlbimizdə. Qarabağın bu oyunu isə zəfər tariximizə yeni bir zəfər əlavə etdi -futbolun dili ilə!
Amma, mən bir şeyi də nəzərə çatdırmaq istəyirəm. Bəlkə də Chelsea də sevindi bu bərabərliyə, bu nəticəyə.
Əminəm ki, onlar Qarabağ kimi bir komandanın qarşısında belə çətin anlar yaşadıqlarını dərk edəndə, bu matçın onların da tarixində iz buraxdığını anlayanda, içlərində şükür hissi qaynayıb. Hətta deyərdim, bəlkə bizdən də çox seviniblər…
Çünki meydanda bir komanda yox idi. Deyərdim ki, meydanda bir xalq var idi. Bir xalqın ruhu, inamı, arzusu vardı.
Bu, sadəcə bərabərlik deyildi -bu doğma evimizdən dünyaya yenə bir mesaj idi: "Biz varıq, biz buradayıq və biz heç kimdən geri qalmırıq"
Və Qurban Qurbanov. Bu gün bir daha sübut etdiniz ki, sizinlə, komandamızla qürur duymaq sadəcə bir futbolsevərinin yox, bir xalqın haqqıdır.
Zəfərə gedən yolda bu bərabərlik bir işarədir: biz elə məğlub etdiymiz kimi, elə uduzmayaraq da qalibik!
Qoy səsimiz Avropanın stadionlarından gəlsin: Qarabağ, sən Azərbaycanın qürurusan!
Eşq olsun uşaqlar!
Təşəkkürlər, Qarabağ!
Təşəkkürlər, Qurban Qurbanov!
Zəfər bizlərə necə də yaraşır! Üzümüz güldü, üzünüz daima gülsün!


