Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” noyabrın 25-dən 26-na keçən gecə “Napoli” ilə qarşılaşacaq.
Liqa mərhələsinin V turu çərçivəsində İtaliyada baş tutacaq dueldə təmsilçimiz dəstəksiz qalmayacaq.
Meydan sahibi klub qonaq fanatlara 2480 nəfərlik yer ayırıb.
Və artıq 950 azarkeş oyunu “Stadio Dieqo Armando Maradona”dan izləmək üçün vauçerə sahib olub. İtaliyada və yaxın ölkələrdə yaşanan soydaşlarımız “Qarabağ”ın yanında olmaq həvəsindədir.
Qiyməti bizim pulla 110 manat dəyərində olan vauçerlərin satışı “Napoli”dən asılı olan səbəblərdən noyabrın 21-də dayandırılıacaq.
Lakin hər bir halda matç günü təxminən 55 min nəfər tutumu olan stadionda 1000 nəfərdən artıq azərbaycanlının yerini bərkidəcəyi dəqiqdir.
Qarşılaşma İtaliya vaxtı ilə noyabrın 25-i saat 21:00-da başlayacaq. Bu, bizim vaxtla noyabrın 25-dən 26-na keçən gecə saat 00:00 deməkdir.
HƏBİB / SPORTİNFO.AZ

