Futbolumuzda son zamanlar ən çox tənqid olunan yerli oyunçu Nəriman Axundzadədir.
Tərif olduğu qədər, tənqid də lazımdır.
Sağlam tənqid inkişafa aparır.
Amma əksər hallarda əndazəni aşanlar olur.
Hətta "Nəriman oyunçu deyil", "Qurban Qurbanov onun nəyini oynadır", "O meydanda olanda "Qarabağ" azlıqda qalır" kimi replikalar eşidirik.
Bu isə tənqid yox, təhqir qədər ağırdır.
Əvvəla deyildiyi qədər aşağı səviyyədə futbolçunun "Qarabağ" kimi nəhəng klubda nə işi var?
Ağdam klubunda arxada qalan illər ərzində neçə-neçə əcnəbilər özünə yer tapmayaraq qapıda qalıb.
Nəriman isə 17 yaşından "kəhər atlar"ın bir parçasına çevrilib.
Vurduğu qollar, etdiyi məhsuldar ötürmələr ilə.
Arxada qalan müddətdə 117 görüşdə "Qarabağ" formasını geyinən Nərimanın aktivində 31 qol, 17 məhsuldar ötürmə var.
Millimizin üzvü Ölkə Kubokunda, Premyer Liqada vacib qollar vurmaqla bərabər Avropa səhnəsində də komandasına az kömək etməyib.
Çempionlar Liqasında 2 qol, 5 asistlə yadda qalıb.
Avropa Liqasında 1 qol, 1 məhsuldar ötürmənin müəllifi olub.
"Braqa" ilə görüşdəki qolu, "Ferentsvaroş"la matçdakı asisti xüsusilə yadda qalan olub.
Qolu bizi Avropa Liqasının 1/8 finalına aparıbsa, asisti Çempionlar Liqasında olmağımızı təmin edib.
21 yaşlı fransalı, ispaniyalı ilə müqayisə olunmayacaq göstərici ola bilər, amma futbolumuzun reallığında 21 yaşlı gəncimizin etdikləri kifayət qədər təqdir olunası detallardır.
Məncə, tənqid ediləndə, məsxərəyə qoyulanda bu faktlar da görməzdən gəlinməsə yaxşı olar.
XANOĞLAN / SPORTİNFO.AZ

