“Sevgilim və itim yanımda olsa, başqa heç nəyə ehtiyacım qalmaz”

12:40 Qarabağ 186
“Sevgilim və itim yanımda olsa, başqa heç nəyə ehtiyacım qalmaz”

Polşa millisinə dəvət alan “Qarabağ”ın qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycandakı həyatından və karyerasından bəhs edib.

Koxalski əvvəlcə Polşa və Azərbaycan arasındakı fərqlərdən danışıb:

“Fərqlər var, amma elə də böyük deyil ki, kiməsə mane olsun. Azərbaycanlılar bu müqayisəni sevmir, amma ən sadə izahı budur - ölkə müəyyən mənada Türkiyəyə bənzəyir.

Müsəlman ölkəsidir, amma insanlar çox mehribandır. Burada kimisə narahat edəcək problemlər olmur.

Sadəcə, bəzi çatışmazlıqlarım var. Sevgilimin və itimin yanımda olmasını istəyərdim. O olsa, başqa heç nəyə ehtiyacım olmaz, tam xoşbəxt olardım”.

Qolkiper Ağdam klubunun Avropanın “Top-5” liqalarından sayılan Fransa Liqa 1-də oynaya biləcəyini də deyib:

“Qarabağ” Fransa liqasında oynaya bilər. Orada bir neçə komanda çox güclüdür, amma qalanları bizə yaxındır”.

25 yaşlı çərçivə qoruyucusu Azərbaycanda azarkeşlərin stadiona az gəldiyini də bildirib:

“Polşaya nisbətən Azərbaycanda azarkeşlər azdır. Çempionlar Liqasında stadion dolur, amma liqa oyunlarında ən sədaqətli azarkeşlər gəlir. Daim mahnı oxuyan və dəstək olan qrup olur və onlara böyük hörmətim var. Kimsə deyə bilər ki, “adam az olur, atmosfer zəifdir”. Ancaq sayından asılı olmayaraq hər bir azarkeş hörmətə layiqdir”.

Koxalski “Qarabağ”ın digər qapıçısı Şahruddin Məhəmmədəliyevlə rəqabətdən də söz açıb:

“Hər məşqdə bir-birimizi dəstəkləyirik. Hamıdan yardım görürəm. Şahruddin azərbaycanlıdır, məşqçi ilə öz dilində danışır, illərdir komandadadır. Mənə çox kömək edir. Burada hamı bir-birini dəstəkləyir, pislik etmir”.

O, “Roma” və “Borussiya”dan (Dortmund) təklif alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Belə xəbərləri mən də görürəm, amma agentimdən və ya klubdan rəsmi məlumat gəlməlidir. İnternetdə hər kəs nəsə yaza bilər, xüsusilə yaxşı dövr keçirəndə insanlar daha çox inanır. Maraqlar və sorğular var, amma xəbərlərdə yazılan klublardan deyil. Konkret təklif yoxdur. Yayda “Stal”dan ayrılarkən təxminən 15 klub maraq göstərmişdi, amma heç biri rəsmiləşmədi. Marağın olması yaxşı motivasiya verir, çünki kimsə sənə baxır”.

Digər Xəbərlər
Xəbər Lenti