"Qarabağ" Çempionlar Liqasındakı növbəti oyunu üçün İtaliyaya səfər edəcək.
Rəqib "Napoli" olacaq.
Qurban Qurbanovun komandasının nüfuzlu yarışda uğurlu çıxışı Avropada yaşayan həmyerlilərimizin matça marağını birə-beş artırıb.
Elə Bakıdan Neapola yola düşənlər də az olmayacaq.
Belədə qonaq sektoru üçün ayrılacaq məhdud sayda bilet narahatlıq yaratmaya bilməz.
Bu məqam millimizin və klublarımızın səfər oyunlarının bir parçasına çevrilən "Milli Dəstə"nin də diqqətindən qaçmayıb.
Azarkeş qrupu "feysbuk" hesabından "Yoldaşlar, təlaşa və narahatlığa ehtiyac yoxdur" başlıqlı post paylaşıb.
Postu olduğu kimi sizə təqdim edirik:
"Yoldaşlar, təlaşa və narahatlığa ehtiyac yoxdur"
"Napoli" - "Qarabağ" matçında səfər azarkeşləri üçün 2480 yer ayrılıb. Müəyyən səbəblərə görə də sektorlar İTİcket-də bir-bir satışa çıxır. Sadəcə biletlər gecə bitdiyindən, yeni sektor səhər satışa çıxarıldı.
Ümumiyyətlə, "Qarabağ"ın hər səfər matçında ya oxşar təlaş olur, ya da eyni suallar.
Son 10 ildə "Qarabağ"ın cəmi 1 səfər matçında bütün yerlər dolmuşdu. O da pley-off matçında "Bayer Leverkuzen"lə səfər matçında. O matçda da sektorun dolmasında 3 faktor rol oynamışdı: matçın əhəmiyyəti, Almaniyada və yaxın ölkələrdə yaşayan azərbaycanlıların sayının çoxluğu və səfər sektorunun kiçik olması.
Bir sözlə, hansısa klubumuz pley-offda, çox sayda azərbaycanlıların yaşadığı ölkədə və həmçinin də ümumi tutumu kiçik olan stadionda oynamırsa, o zaman biletlərin bitmə ehtimalı yoxdur.
Həmçinin də davamlı sual o olur ki, "Qarabağ"ın matçlarına bileti necə alaq. Ən az son 5 ildə (bəlkə də daha çox) vauçerlər oyuna 7-10 gün qalmış iTicket vasitəsilə satılır və sonra oyun günü fiziki biletə dəyişdirilir. Nəhayət, bu matç üçün vauçerlər fiziki biletlərə dəyişdirilməyəcək. iTicket oyuna 1-2 gün qalmış biletləri email ilə göndərəcək.
Bir də onu əlavə edim ki, adətən satılan biletlər ümumi tutumdan daha az olduğu üçün və sektorun ön cərgələrində aktiv azarkeşlər olduğu üçün oturacağınız yerlər biletdə yazılanla üst-üstə düşməyə bilər. Ona görə sırf kiminləsə yan-yana durmaq/oturmaq üçün mütləq yan-yana biletlər almağınıza ehtiyac yoxdur.
Ümid edirəm bu paylaşım bir çox azarkeşlər üçün yararlı olar.
Uğurlar, "Qarabağ"!".
Xatırladaq ki, "Napoli" - "Qarabağ" görüşü 25 noyabr tarixində keçiriləcək.
XANOĞLAN / SPORTİNFO.AZ

