Bildiyiniz kimi, bu mövsümdən Premyer Liqada legioner limtinin tətbiqi ləğv edildi.
Klublarımız istədiyi sayda əcnəbi ilə meydana çıxa bilər.
Qərar bəzi klublarımızda toy-bayram edilməklə qarşılandı.
“Turan Tovuz” son iki görüşdə meydana 11 əcnəbi ilə çıxıb. Daha əvvəl liqada “Qarabağ” bu cür təcrübəni yaşadı.
“Sabah”tədricən legioner qabığını geyinməkdədir. “Tələblər” son oyunlarda maskimum bir yerli oyunçu ilə meydana çıxır.
Ən çox milli üzvünün yer aldığı klublardan biri olan “Neftçi” bir çox hallarda 2 yerli ilə start heyətini qurur.
Sabah “Zirə” və digərləri də əcnəbi simasına bürünəcək.
Klublarımız düşünür ki, bu yolla Avropada uğur qazana bilərlər, “Qarabağ”ın yolu ilə gedə bilərlər.
Hə, ola bilər ki, yayda “Qarabağ” kimi digər klublarımız da avrokubokların əsas mərhələsinə iştirak etsin.
Amma onların bu uğuru “Qarabağ” qədər şirin olmayacaq.
Ağdam klubunun uğurlarını bizə sevdirən həm də orada azərbaycanlı balalarının imzasının olmasıdır. Düzdü, gəlmələr də "kəhər atlar" üçün çox iş görüb, amma bizimkilər də əl-qolunu yanına sallamayıb.
Qurban Qurbanovun komandası ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazananda əsas heyətdə 10 azərbaycanlı vardı.
Uğurlarının təməlində duran “Rosenburq” zəfərini şirin edən yeganə qolun müəllifinin Rəşad Sadıqov olması idi.
Məşhur “Visla” qələbəsini xoş xatirələrə çevirən Vuqar Nadirovun, Əfran İsmayılovun, Rauf Əliyevin qolları idi.
İlk dəfə Çempionlar Liqasına vəsiqə qazanmağımızda Mahir Emrelinin imzası vardı.
İkinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə addım atmağımızda Nəriman Axundzadənin payı xüsusidir.
“Braqa” zəfərini əfsanələşdirən yenə həmin Nəriman Axundzadənin qolu idi.
Ən əsası uğurların memarı qanı qanımızdan, canı canımızdan olan Qurban Qurbanovdur.
Qısası, bir klubun uğurunda həm də milli kimliyimiz yatır.
Hə, digər klubların gəlmələrlə hansısa uğuru qazanması azarkeşlərini, rəsmilərini sevindirəcək, amma milli bayrama əsla çevrilməyəcək. Sadəcə bir külək kimi futbolumuzdan əsib keçəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

