«Avropa klublarının ona marağı ola bilər. Ancaq deyim ki, hələlik bizə heç bir rəsmi təklif göndərilməyib».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın media departamentinin rəisi Anar Hacıyev deyib.
Daha öncə xəbər verdiyimiz kimi, "Qarabağ"ın hücumçusu Nəriman Axundzadəyə Avropadan təkliflər var.
Təklif göndərənlər arasında "beşlik" (İngiltərə Premyer Liqası, İspaniya Primerosu, İtaliya A seriyası, Almaniya Bundesliqası və Fransa Liqa-1-i nəzərdə tutulur) klubları üstünlük təşkil edir.
"Qarabağ" rəhbərliyi onun transfer qiymətinin ən aşağı həddini müəyyənləşdirib.
Nərimanı almaq istəyən klub Ağdam təmsilçisinə ən azı 2,5 milyon avro təzminat ödəməlidir. Halbuki nüfuzlu transfermarkt saytına görə lənkəranlı gəncin qiyməti 2 milyon avrodur.
"Köhlən atlar"la 2028-ci ilin yayınadək müqaviləsi qüvvədə olan forvardın 21 yaşı var. O, "Qarabağ"ın heyətində 40 oyunda meydana çıxaraq 12 qola imza atıb.
Redaksiyamıza daxil olan informasiyaya görə, Nəriman Avropaya getməyə həvəslidir. Bu niyyətdə olduğunu "Qarabağ" rəsmilərinə də etiraf edib.
Keçən yay Səudiyyə Ərəbistanından gələn təklifi geri çevirmiş hücumçu karyerasını "köhnə dünya"da davam etdirməyin ona maraqlı gəldiyini bildirib.
Anar Hacıyev bu barədə qeyd edib ki, istənilən halda qış fasiləsini gözləmək lazımdır:
«Adətən, təkliflər «transfer pəncərəsi» açıq olan vaxt göndərilir. Bu, etik cəhətdən daha düzgündür.
Nərimanla bağlı hazırda klubda başqa söhbət getmir. İndi digər futbolçular kimi, onun da fikri qarşıdakı oyunlardadır».

