Türkiyə futbol ictimaiyyəti “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını müzakirə etməkdə davam edir.
Sportinfo.az xəbər verir ki, sabiq futbolçular, şərhçilər, eləcə də azarkeşlər Azərbaycan çempionunu öz klublarına nümunə göstəriblər.
Ağdam klubunu “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”la müqayisə edən qardaş ölkənin futbol mütəxəssisləri adları sadalanan nəhəng komandalardan “Qarabağ”ı araşdırmalarını istəyiblər.
Xüsusən də Qurban Qurbanovun transfer siyasəti vurğulanıb: “Klublarımız hər il transferlərə milyonlar xərcləyir, lakin avrokuboklardakı nəticələr ürəkaçan olmur.
“Qarabağ” onların hər biri üçün örnək olmalıdır. Azərbaycan çempionunun heyətinin ümumi dəyəri cəmi 24,83 milyon avrodur.
Ancaq onlar 1 milyard 140 milyon avro dəyərində olan “Çelsi”dən xal aldı, rəqibindən üstün oyun sərgilədi. Azad agentləri saymasaq, “Qarabağ” son 5 mövsümdə müqaviləsi olan futbolçuların transferləri üçün ümumilikdə 7 milyon avro xərcləyib.
Öz sistemlərinə uyğun oyunçular axtarıb tapırlar. Bu komanda “Atletiko”, “Napoli”, “Yuventus”, “Benfika” və “Ayaks” kimi klublardan çox xal toplayıb.
Onlar futbolun pulla deyil, ürəklə oynanıldığını bizimkilərə göstərdilər”.
IV turda “Çelsi” ilə 2:2 hesablı heç-heçə edən “Qarabağ”ın hazırda aktivində 7 xal var.

