"Qarabağ" klubu hələ də istədiyi futbol akademiyasını tikə bilmir.
Bir müddət əvvəl klubun direktoru Emrah Çelikellə bu mövzuda olan müsahibimiz geniş müzakirələrə səbəb olmuşdu.
Klub rəsmisi bildirmişdi ki, Suraxanıda bazamızın yanında ərazi olsa da, bizə verilmir.
Hətta 2017-ci ildə SOCAR-ın balansında olan həmin ərazininin Ağdam klubuna verilməsi ilə bağlı ölkə prezidenti Cənab İlham Əliyevin tapşırığı da olub.
Amma niyəsə məsələ öz həllini tapmır.
"Çelsi" ilə görüşdən sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl yenidən mövzuya qayıdıb və bildirib ki, problem olduğu kimi qalır.
İnanaq, ümid edək ki, ən qısa zamanda daşa, qayaya çevrilən torpaq məsələsi öz həllini tapacaq.
Bir halda ki, klub bu istiqamətdə milyonlar xərcləməkdə maraqlıdırsa, fürsəti nə AFFA, nə də digər səlahət sahibləri görməzdən gəlməli deyil.
Mövzu ətrafında diqqətimi çəkən bir də azarkeş mövqeyidir.
Sosial şəbəkələrdə yazılan bəzi şərhlər heç də xoş deyil.
Ki, "Qarabağ" niyə azad Ağdamda yox, Bakıda akademiya tikmək istəyir?
Xüsusilə Suraxanıdakı bazanın yanındakı yerlə bağlı israr sanki qıcıq yaradır.
Əvvəla onu deyə ki, Bakıda akademiya tikmək o demək deyil axı Ağdamda akademiya olmayacaq.
Bir klubun müxtəlif bölgələrdə akademiyasının olmasından təbii heç nə yoxdur.
Gələcəkdə Ağdamda da tikilər.
Amma bu gün faktiki komanda Bakıda məskunlaşıb.
Yaxın perspektivdə Ağdama köçəcəyi real deyil. İstəsə belə.
Bu halda Bakıda qurub, davamını Ağdama daşımaqda pis nəsə yoxdur.
Hə, niyə məhz Suraxanı?
Çünki oradakı bazada "Qarabağ"ın möcüzə adlandıra biləcəyimiz uğurlarının memarı Qurban Qurbanov var.
Səhər 9dan, ən pis halda axşam 6-ya, bir çox hallarda gecə saatlarına kimi burada çalışan Qurbanov.
Həm klub rəhbərliyi, həm də akademiya rəhbərliyi yekdil rəylə "Qarabağ"ın gələcəyinə də təcrübəli mütəxəssisin nəzarət etməsini istəyir.
Bu isə bir halda mümkündür - akademiya hazırkı bazanın yaxınlığında olarsa.
Çünki sıx iş qrafikdən çalışan 53 yaşlı çalışdırıcı yalnız belə olan halda akademiyanın fəaliyyətinə diqqət ayıra, nəzarət edə bilər.
O qədər bekar deyil ki, səhər Suraxanıda komandanın yanında, günorta Binədə (məsələn, orada akademiya tikilərsə) akademiyaya baş çəksin.
Bu qədər açıq reallığı görmək, anlamaq, buna hörmətlə yanaşmaq çoxmu çətindir?
XANOĞLAN İMANOV

