"Qarabağ" belə davam etsə, bu iki komandadan xal alacaq”

21:20 Qarabağ 292
"Qarabağ" belə davam etsə, bu iki komandadan xal alacaq”

"Qarabağ"ın veteran müdafiəçisi Vasif Haqqverdiyev Sportinfo.az-a açıqlama verib.

Futbol mütəxəssisi Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsində "Çelsi" ilə matçda etdiyi 2:2 hesablı bərabərliyi şərh edib:

"Qarabağ" bizə möhtəşəm gecə yaşatdı. "Qarabağ"ın komandasını, məşqçilər korpusunu təbrik edirəm.

"Qarabağ" oynadığı futbolla ictimaiyyət üçün də reallığı arxa plana atıb. "Liverpul"la səfər oyununda da komandadan qələbə istəniləcək.

Xüsusilə ilk hissədə edilən pressinq bəhrə verdi. Nəticədə iki qol vura bildik. Belə görüşlərdə müdafiədə rəqiblə birə-bir qaldığın zaman rəqib səni keyfiyyət hesabına üstələyəcək.

"Qarabağ" müəyyən risklərə gedirdi. Nəticədə qollarını vurdu və qapısında qollar gördü. Normal haldı, futbolda səhvlər mütləqdir.

60-70-ci dəqiqələrdən rəqib müdafiədə oynamağa məcbur edirdi. Bu da normaldır. 90 dəqiqə eyni tempdə qalmaq çətindir.

Bizim Premyer Liqa ilə İngiltərə Premyer Liqası arasında ciddi sürət fərqi var. Ehtiyatdan oyuna daxil olmaq çətin olur. Amma deyim ki, bu dəfə pis qoşulmadılar. Oyun intizamını pozmadılar.

Uduza bilərdik, bununla bərabər hətta uda da bilərdik. Kaşukun son dəqiqələrdə zərbəsi dəqiq olsaydı qələbə qazanmış olardıq.

Buna rəğmən, komandamız istədiyini nəticəni əldə etməyi bacardı. İlk 24-lük yolunda növbəti addım atıldı. Getdikcə bu ehtimal artır. Bu templə "Qarabağ" davam etsə, növbəti mərhələ real görünür.

Allah futbolçularımızı zədələrdən qorusun. Kadinin zədələnməsi yaxşı olmadı. Belə hal nə qədər az olsa yaxşı olar.

"Napoli" ilə görüşdə komandaya uğurlar arzu edirəm. Evdə "Ayaks" və "Ayntraxt"la matçlarda xal almaq ehtimalı var.

Əslində indi "Liverpul"dan da xal almağı düşünürük (gülür). Yuxarıda qeyd etdiyim kimi sanki reallıqdan uzaqlaşırıq.

Amma bunu mütləq deməliyik ki, bütün oyunlar "Qarabağ"a çətin olacaq. Xüsusilə zəfər bayramı ərəfəsində əldə olunan nəticəyə görə kollektivə təşəkkür düşür.

Bu komandanın rəhbərliyi, furbolçuları, məşqçilər korpusu ilə qürur duymaq lazımdır".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti