İngilislərlə bağlı bu xəbər hər bir “Qarabağ”lını ümidləndirəcək!

19:40 Qarabağ 247
İngilislərlə bağlı bu xəbər hər bir “Qarabağ”lını ümidləndirəcək!

Dünyanın ən məşhur, titullu və hazırda formasının pikində olan komandalarından sayılan “Çelsi” Bakıdadır.

Belə komandaları öz stadionunda görmək hər ölkənin vətəndaşlarına nəsib olmur.

Burada söhbət 6 qat İngiltərə çempionu, 8 qat İngiltərə kubokunun sahibi, hərəsində 2 dəfə olmaqla Çempionlar Liqasının, Avropa Liqasının, Avropa Superkubokunun, Kuboklar Kubokunun, 1 dəfə Konfrans Liqasının, 1 dəfə Klublararası Dünya Kubokunun qalibi adını qazanmış İngiltərə nəhəngindən gedir.

“Çelsi” bütün komponentlərdə “Qarabağ”ı üstələyir və qeyd-şərtsiz bugünkü qarşılaşmanın favoriti hesab olunur. Mümkün olan bütün statistik və titul faktları rəqibin xeyrinədir.

Lakin kiçik bir detal var ki, ona toxunmalıyıq.

“Zadəganlar” avrokuboklarda aşkar favorit göstərildiyi matçlarda heç də az məğlub olmayıb. Burada söhbət “Qarabağ”a tay tutula biləcək komandaların London təmsilçisini udmasından gedir.

2013-cü ildə Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə “Bazel” arasında baş tutan hər iki oyunda qələbəyə sevinən tərəf isveçrəlilər olub – 2:1, 1:0.

2015-ci ildə yenə Çempionlar Liqasının qrup mərhələsində, bu dəfə “Portu” ilə Portuqaliyadakı duel ingilislərin yenilgisi ilə nəticələnib – 1:2.

2020-ci ildə Çempionlar Liqasının qrup mərhələsində “Portu” ilə növbəti görüşdə 1:0-a sevinən tərəf portəgizlər olub. Sadəcə, bu hesab Londonda qeydə alınıb.

2022-ci il yaxın keçmişdir. Çempionlar Liqasının qrup mərhələsində Zaqrebdə “Dinamo”nun qonağı olan “Çelsi” gərgin keçən qarşılaşmanın yekununda meydanı məğlub tərk edib – 0:1.

Ötən il mübarizəyə Konfrans Liqasından başlayan “zadəganlar” qrup mərhələsinə vəsiqə qazanmaq üçün İsveçrə “Servett”i ilə münasibətlərinə aydınlıq gətirib. “Stemford Bric”də 2:0 hesabı ilə qalib gələn ingilislər səfərdə uduzmasına baxmayaraq (0:1), ümumi hesaba görə qrup mərhələsinə yüksəlib.

Elə həmin mövsümdə “Çelsi”nin Konfrans Liqasının 1/4 final mərhələsindəki rəqibi Mahir Emrelinin keçmiş komandası “Legiya” olub. Polşa təmsilçisi Londondakı matçda gecənin sürpriz nəticəsinə imza ataraq “Çelsi”ni 2:1 hesabı ilə məğlub edib.

Faktlardan da göründüyü kimi “Qarabağ”ın bu axşamkı rəqibi məğlubedilməz deyil. “Dinamo Zaqreb”, “Servett”, “Bazel”, “Legiya” kimi komandalar “Qarabağ”ı yalnız təmsil etdiyi ölkənin adı və keçmişdəki uğurlarına görə üstələyə bilər.

Söhbət son illərdəki nəticələrdən və sərgilənən oyundan gedirsə, “köhlən atlar” adları çəkilən komandalardan üstündür ki, zəif deyil. Onlar “Çelsi” üzərində qələbəyə sevinməyə nail olubsa, “Qarabağ” niyə bacarmasın?

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək sözügedən qarşılaşma saat 21:45-də başlayacaq.

HƏBİB SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti