"Qarabağ"ın Çempionlar Liqasında növbəti rəqibi İngiltərə nəhəngi "Çelsi"di.
Azarkeşləri sevindirən addır. Heyətində Dünya və Avropa çempionu olan futbolçular çıxış edir.
Onlara canlı şahidlik etməyi kim istəməz ki?
Bu işin həvəskar, hislər və ecazkarlıq tərəfidir.
İşin bir də peşəkar tərəfi var axı.
Bu pəncərədən baxanda heç də xoş hadisələr bizi gözlədiyini demək olmaz.
Düzdü, son illər "Qarabağ" nəinki bizi, bütün dünyanı təəccübləndirməyi bacarır.
Çıxışı Avropanı lərzəyə gətirən Leverkuzen "Bayer"nə Bakıda yaşadılan gecəni hələ də unutmamışıq.
"Atletiko" məhz "Qarabağ"a görə 2017-ci ildə nüfuzlu yarışdan erkən ayrılmışdı.
Səfərdə "Braqa"nı yanıüstə qoyan, "Benfika" üzərində möhtəşəm geridönüşü gerçəkləşdirən də "Qarabağ"dır. "Da Luz" tarixində belə ağrını bir "Barselona"dan alıb, bir də Qurban Qurbanovun yetirmələrindən.
Növbəti möcüzə London təmsilçisi ilə Bakıda reallaşsa təəccüblənmərəm. Bizi buna öyrəşdirən "Qarabağ"dır.
Bircə qorxduğum başımıza gəlməsin. O nədir? Uzun aradan sonra Ağdam təmsilçisinin ağır məğlubiyyəti.
Sonuncu dəfə "Qarabağ"ın nə vaxt ağır məğlubiyyət aldığını xatırlayanda yadıma elə "Çelsi" düşür.
"Arsenal" və "Tottenhem"lə də üst-üstə 4 dəfə görüşmüşük. Ən pis halda 0:3 qeydə alınıb. Hə, bu da böyük hesabdır. Lakin aradakı uçuram görə buna darmadağın deməyə dilim gəlmir.
"Çelsi" ilə bağlı isə ortada 0:4, 0:6 hesablı ağır yenilgilərimiz var.
Əslində Bakıdakı görüşə pis başlamamışdıq. 19-cu dəqiqədə Rəşad Sadıqovun qırmızı vərəqə alması ilə oyun bizim üçün bitmişdi.
Ümumiyyətlə, "Çelsi" fürsət düşəndə rəqibi ağ yuyub, qara sərməyi sevir.
Elə iki həftə əvvəl "Ayaks"a bənzər günü yaşatdı. Hollandlar azlıqda qaldığı oyunda qapısından 5 top çıxarmalı oldu.
"Kəhər atlar"ın son oyunlarındakı performansını da gözdən keçirəndə təhlükənin yaxınlığını sezməmək mümkün deyil.
Bilbaoda iri hesablı məğlubiyyətdən qaçmağımızda bəxtin rolu az olmadı.
"Şamaxı" və "İmişli" ilə görüşlər də az narahatlıq vermədi.
Əsas ümidlərimiz olan Kadi, Marko formasından uzaqdır. Müdafiə ciddi səhvlər edir.
Bir də bunun üzərinə Elvin Cəfərquliyevin İspaniyada, Kadinin Suraxanıda etdiyi intizamsızlığı əlavə etmək olar.
Sakit görməyə alışdığımız Qurban Qurbanovun son dönəmlər əsəbi olması da boşuna deyil.
Qısası, oyun öncəsi hər birimizi narahat edən məqamlar çoxdur.
Ümid edək ki, neqativ ehtimallar 90 dəqiqə ərzində özünü pozitiv çalarlarla əvəzləyəcək.
XANOĞLAN İMANOV

