12-ci turun mərkəzi qarşılaşması Sumqayıtda baş tutacaq.
Avrokuboklara vəsiqəyə iddialı “Sumqayıt” çempionluğa əsas namizəd “Qarabağ”ı qəbul edəcək.
Oyuna rəng qatan başlıca məqamlardan biri “kimyaçılar”ın 2-ci turda “Azersun Arena”da gerçəkləşənm dueldə “köhlən atlar”ı məğlub etməsidir.
“Qarabağ”lı futbolçuların saytımıza verdikləri açıqlamalarda həmin məğlubiyyəti unutmadıqları, hətta əvəzini çıxmaq üçün alışıb-yandıqları açıq-aşkar hiss olunur.
Komandalar arasında səviyyə fərqini, Ağdam təmsilçisinin hazırda formasının zirvəsində olduğunu və revanş hissini nəzərə alsaq, qonaqların meydan sahibləri üzərində böyük hesablı qələbə qazanması qaçılmazdır.
Maraq üçün bildirək ki, “Qarabağ” 2011-ci ildən bu yana Sumqayıtın eyniadlı komandası ilə 52 dəfə qarşılaşıb və bunların 39-da meydanı qələbə ilə tərk edib. Ağdamlılar rəqib qapısından 5 dəfə 6, 4 dəfə 5, 4 dəfə 4 top keçirməyə nail olub. Başqa cür desək, 39 qalibiyyətin 13-ü darmadağınla başa çatıb.
Digər prinsipial məqam komandaların turnir cədvəlindəki mövqeyidir. “Qarabağ” 23 xalla liderdirsə, “Sumqayıt” 20 xalla 4-cü pillədə qərarlaşıb.
Bu, o deməkdir ki, Saşa İliçin çalışdırdığı kollektiv cari mövsümdə ikinci dəfə Çempionlar Liqasındakı təmsilçimizi məğlub etməyi, hətta xal almağı bacarsa, “Qarabağ”ın taxtdan enməsi gündəmə gələcək. “Köhlən atlar”ın qələbəsizliyi fonunda növbəti günlərdə “Turan Tovuz”la “Sabah” rəqiblərini udsalar, birinci yer aldən çıxacaq.
“Qarabağ” illərdir topladığı təcrübədən və oturuşmuş heyətdən yararlanmağa çalışacaq. “Sumqayıt” isə mübarizliyin və stadionu dolduracaq azarkeşlərin dəstəyi sayəsində meydanı xal(lar)la tərk edə bilər.
Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 21:00-da çalınacaq.
HƏBİB

