“Qarabağ” Azərbaycan futbolu adına yeni tarix yaza bilərdi.
Martın 7-də “Bayer”lə Bakıdakı qarşılaşmada leverkuzenlilərin qapısından 2 top keçirməklə oyunu heç-heçə ilə başa vuran (2:2) təmsilçimiz səfərdə də hansı gücə sahib olduğunu göstərdi.
“Köhlən atlar” ikinci hissənin əvvəlində 2 top fərqi ilə önə çıxmasına baxmayaraq, matça əlavə olunmuş dəqiqələrdə buraxılan qollarla yenilgidən qaça bilmədi – 2:3.
Bu, həm də “Bayer”in 2023-cü ildən bu yana avrokubok qarşılaşmaları çərçivəsində doğma meydanda ilk dəfə qapısından 2 top buraxması demək idi.
“Qırmızı-qaralar” sonuncu dəfə ötən il fevralın 17-də “BayArena”da “Monako”ya 2:3 hesabı ilə uduzmuşdu.
O vaxtdan bu yana “Ferentsvaroş”, “Union”, “Roma”, “Hekken”, “Qarabağ” və “Molde” ilə üz-üzə gələn Xabi Alonsonun yetirmələri 6 oyunun heç birində 2 dəfə mərkəzə dəvət olunmamışdı.
Bu isə o deməkdir ki, “Qarabağ” avrokuboklarda 13 aydan sonra “Bayer”ə öz meydanında 2 top vuran komanda kimi yadda qaldı.
Maraq üçün bildirək ki, Almaniya təmsilçisi ilə Bakıdakı 2:2 hesabı da tarixə düşmüşdü.
Leverkuzenlilər avrokuboklarda son 6 görüşün hamısını qalib başa vurmuşdu. “Qarabağ” məlum heç-heçə ilə almanların qələbə seriyasını dayandırmışdı.
HƏBİB / SPORTİNFO.AZ

