Avropadakı qürurumuz “Qarabağ” Avropa Liqasının yaz mərhələsində dünyaya səs salmağı bacardı.
Portuqaliyanın üzdə olan təmsilçilərindən sayılan “Braqa”nın “köhlən atlar”ın qarşısında aciz qalacağını kim təsəvvüründə canlandıra bilərdi?
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə 4:2 hesablı parlaq qələbə ilə ümid verdisə, Bakıda azlıqda qalmasına və məğlub olmasına rəğmən mərhələni adlamağı bacardı.
“Qarabağ”ın nəticələrini təsadüf kimi qəbul edənlər üçün “Bayer”lə qarşılaşmalar tutarlı fakt oldu. Bundesliqanın lideri hər iki görüşdə məğlubiyyətdən son saniyələrdə xilas oldu.
Mərhələ keçilməsə də, ağdamlıların sərgilədiyi futbol, göstərdiyi əzmkarlıq, qurduğu sürətli hücumçular və ən əsası, “Braqa” ilə “Bayer”in qapısına ümumilikdə 10 qol vurması könülləri oxşadı.
Bu, bir daha “Qarabağ”ın böyüdüyünü, böyüklər arasında özünə yer etdiyini göstərdi.
Növbəti mövsümdə daha yaxşısını etmək üçün indidən qolları çırmalamaq, təhlükəli vəziyyətdən çıxmaq lazımdır.
Məlum 4 oyundan sonra başda Qurban Qurbanov olmaqla bir çox futbolçulara “elçilər” çıxıb. Azərbaycanlı çalışdırıcı ilə xüsusən Türkiyə klublarının yaxından maraqlandığı deyilir.
Juninyo, Marko Yankoviç, Julio Romao, Abdullah Zubir, Elvin Cəfərquliyev kimi futbolçuların xarici klubların maraq dairəsinə düşməsi şübhə doğurmamalıdır.
“Qarabağ”lılar Avropa vitrinində özlərini ən yaxşı tərəfdən göstərməklə potensial müştərilərin gözlərini açıb.
Heç şübhəsiz, günü sabahdan başlayaraq danışıqlar prosesi başlanacaq, “Qarabağ”a və futbolçuların agentlərinə dəvətlər “yağacaq”.
Transfer pulunu ödəmək bahasına olsa belə, adları çəkilənləri və çəkilməyənləri Azərbaycandan ayırmaq istəyəcəklər.
Klub rəhbərliyinin aparıcı simaları saxlamaq istəyi nə dərəcədə baş tutacaq, bu, başqa söhbətin mövzusudur.
Növbəti avrokubok mövsümündə indiki “Qarabağ”ın davamını görmək istəyiriksə, heyət mütləq və mütləq qorunmalıdır. Əks halda Azərbaycan futbolu çox şey itirəcək.
HƏBİB / SPORTİNFO.AZ

