Martın 14-dən 15-nə keçən gecə Bakının mərkəzi “dağılacaq”.
İnsanlar küçələrə axışacaq, avtomobillər tıxaclarda qalacaq, siqnal səsləri şəhəri titrədəcək, ağız deyəni qulaq eşitməyəcək. Görəcəksiniz.
Buna “Qarabağ”ın Leverkuzendə qazandığı parlaq qələbə səbəb olacaq. Avropanı çaş-baş salan Azərbaycan çempionu “Bayer”in 36 oyunluq məğlubiyyətsiz oyunlar seriyasına son qoyacaq.
“Qarabağ”ın bir həftə əvvəl Respublika stadionunda 45 dəqiqə ərzində Bundesliqanın liderinin qapısından 2 cavabsız top keçirəcəyinə kim inanırdı ki?
Komandasını yenilgidən xilas etmək üçün Frimponqun son saniyələrdə topu autdan oyuna daxil edərkən tələsməsi, Xabi Alonsonun az qala hər imkanda hakimlərə narazılıq etməsı, yoxsa Almaniyadan gələn jurnalistlərin gözlərimizin önündə pərişan halda oturması – hansını təsəvvür edə bilərdik?
Patrik Şikin bərabərlik qolu olmasaydı, “Bayer” Bakıda uduzacaqdı. Ancaq alınmadı. Cinahda Toral Bayramovun, müdafiənin mərkəzində Bədavi Hüseynovun diqqətsizliyinin nəticəsi kimi çexiyalı hücumçu başla Andrey Lunyovu məyus etdi.
Artıq o deyil. “Qarabağ” martın 7-də buraxılan səhvlərdən nəticə çıxarıb. “Qarabağ” “Bayer”lə necə oynamalı olduğunu öyrənib. Bundesliqanın lideri “Qarabağ”dan ehtiyatlanmağa başlayıb. Üstəlik, “Qarabağ” bu gecə “BayArena”da tək olmayacaq, 2 minə yaxın soydaşımız komandamıza dəstək verəcək.
Bu gün ancaq və ancaq bu cür – qələbə haqda düşünməliyik. Sən, mən, məşqçilər, futbolçular – hər birimiz. “Qarabağ” “Bayer”i penaltilər seriyasında olsa belə, məğlub edib növbəti mərhələyə adlamaq gücündədir. İnanmırsınızsa, “Braqa” ilə oyunlardan əvvəlki gümanın(m)ızı və matçdan sonrakı ab-havanı yada salın.
Bunun üçün gücləri var. Mübarizə aparmağı da bacarırlar, çünki döyüş alınlarına yazılıb. Bircə qalır müdafiədə diqqətli oynayıb, hücumlar zamanı şansları dəyərləndirmək.
“Qarabağ” bacaracaq!
HƏBİB

