"Birinci oyunda "Qarabağ" yaxşı oyun keçirdi.
Görünürdü ki, rəqibə qarşı düzgün plan qura bilmişdilər.
Lazım olan nəticəni də əldə etdilər".
Bu fikirləri Sportinfo.az-a açıqlamasında Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Bayer"in qonağı olacaq "Qarabağ"ın şanslarını dəyərləndirən Ceyhun Sultanov dilə gətirib.
Futbol mütəxəssisi Almaniyadakı matçın təmsilçimiz üçün ağır keçəcəyini bildirsə də, növbəti mərhələ şanslarının qaldığını da iddia edib:
"Almaniyada çox çətin olacaq. Bakıdakı oyunun davamını gətirmək lazımdır.
Az səhv etmək mütləqdir. Əks-hücumlarda imkanlar düşəcək.
Məhz həmin imkanları dəyərləndirə bilsək, yaxşı nəticə əldə etmək olar.
"Qarabağ" bunu edə biləcək gücdə komandadır. Baxmayaraq ki, "Bayer" gücünə görə "Qarabağ"dan üstündür".
“Qarabağ” ilə “Bayer” arasında keçirilən ilk görüş heç-heçə (2:2) yekunlaşıb. Leverkuzendəki cavab matçı isə bu gün Bakı vaxtilə saat 00:00-da baş tutacaq.

