Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” martın 14-də səfərdə “Bayer”in qonağı olacaq.
“BayArena”dakı oyunu izləmək istəyən azarkeşlər üçün biletlər bir neçə gün öncədən satışa çıxarılıb ki, budəfəki satış növü Avropada yaşayan bir sıra soydaşlarımız üçün çətinlik yaradıb.
Təmsilçimizin indiyə qədərki oyunlarında bilet satışı matçdan 2-3 saat əvvəl stadionun kassalarında həyata keçirilirdi. Lakin “Bayer”lə qarşılaşmanı canlı izləmək həvəsində olanlar bileti “iTicket” üzərindən almalıdırlar.
Vəziyyətin bu cür olması azarkeşlərdə narazılıq yaradıb. Onlar onlayn qaydada bilet alarkən alışı manat üzərindən həyata keçirməli olduqlarını və əlaqə nömrəsi kimi Azərbaycanın mobil operatorlarına məxsus telefon nömrəsini qeyd etməli olduqlarını bildirirlər.
Yaranmış çətinliyə görə isə qonaq komanda “Qarabağ”ı günahlandırırlar.
Məsələyə aydınlıq gətirmək, problemin həlli yolunu öyrənmək üçün klubun mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıqda, “köhlən atlar”ın sözçüsü bilet satışındakı dəyişikliyin “Qarabağ”dan qaynaqlanmadığını diqqətə çatdırdı:
“Bilet satışının “iTicket” vasitəsi ilə həyata keçirilməsi sırf “Bayer”in istəyinə görədir. Onlar bilet satışının məhz onlayn qaydada satılmasını istəyiblər.
Vəziyyətin bu cür olması “Qarabağ”lıq deyil. Qonaq komandayıq deyə, bilet satışı “Bayer” rəsmilərinin istədiyi şəkildə həyata keçirilir.
Onlayn qaydada vauçerini alan azarkeşlər matçdan öncə kassalara yaxınlaşıb vauçeri biletə çevirəndən sonra stadiona daxil ola biləcəklər.
Onlayn satışın problem yaratmasına gəlincə, indiyə qədər 1200-ə yaxın bilet satılıb. Hansısa çətinlik olsaydı, bu, qlobal çətinliyə çevrilərdi və bu sayda azarkeş bilet ala bilməzdi.
Dediyim kimi, bu məsələdə “Qarabağ”ın hansısa tələb və ya təklifi olmayıb. Sırf “Bayer” tərəfinin istəyinə görə biletlər onlayn qaydada satılır”.
Komandalar arasında Respublika stadionunda keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Martın 14-dəki cavab görüşü Bakı vaxtı ilə gecə 12-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

