"Qarabağ" Avropa arenasında bizi təəccübləndirməyə davam edir.
Hər dəfə klub üçün uğurun zirvəsində olduğunu düşündüyümüz anda, təmsilçimiz yeni nə iləsə meydana çıxır.
Avropa Liqasının qrup mərhələsindən pley-offa yüksəlmək ölkə futbolu adına yeni addım idi. Buna da möcüzə sayəsində nail olmuşduq.
Yəqin ki, hər kəs "Molde" ilə səfər qarşılaşmasını xatırlayır. Bəhlul Mustafazadə Norveçdəki matçın son saniyələrində vurduğu bərabərlik qolu ilə pley-off mərhələsini Bakıya daşımağı bacarmışdı.
Növbəti mərhələdə rəqib "Braqa" olanda isə bu səddə ilişəcəyimizlə öncədən hardasa barışmışdıq.
Amma səfər oyunundakı performans bizi ümidsizlik havasından çıxardı.
Bakıda 10 nəfərlə qalan "Qarabağ"ın portuqallar önündə nəsə edəcəyinə ümidlər tükəndiyində yenə möcüzə qapımızı döydü. Bu dəfə Nəriman Axundzadə son saniyələrdə vurduğu qolla "Qarabağ"ın Avropada yazdığı nağıla davam dedi.
Püşk 1/8 final mərhələsində qarşımıza "Bayer Leverkuzen"i çıxardı. Elə hər şeyin də o anda bitdiyinə qəbullandıq.
Söhbət tarixinin ən yaxşı dövrünü yaşayan, hazırda Avropada rəqib tanımayan Almaniya nəhəngindən gedir. Belədə nəyə ümid edəsən, nəyə belə bağlayasan axı...
"Qarabağ" bu dəfə də ona olan ümidsizliyi alt-üst etməyi bacardı. Bakıdakı ilk matçın ilk hissəsi hələ də şirin yuxu kimi gözlər önünə sərilib.
Hətta fasilədə böyük hesablı qələbəni xəyal edənlərimiz də oldu. O qədər parlaq bir hissə yəni.
Təəssüf ki, ikinci yarı yorğunluq, şanssızlıq və rəqibin ayılması işləri korladı.
Və sonda 2:2 hesablı bərabərliyə üzülməli olduq. Üzülməli haa...
İndi isə qarşıda cavab görüşü var. Həm də qarşımızda bizi daha da ciddiyə almaq məcburiyyətində olan "Bayer". Bunu baş məşqçi Xabi Alanso və yetirmələrinin mətbuata verdiyi açıqlamalardan aydın sezmək olar. Doğma meydan, 30 mindən artıq tərəfdar da öz yerində.
Əminliklə demək olar ki, Qurban Qurbanovun kollektivi üçün mübarizə aparmaq bu dəfə iki qat ağır olacaq. İlk görüşdəki perfomans bizə ümid veribsə, rəqibi yuxudan ayıldıb. Almanlar üçün səhv limiti bitib. Daha ikinci yarı, ikinci oyun yoxdur ki, Bakıdakı ilk 45 dəqiqənin qisası alınsın.
Belədə ilk dəqiqələrdən amansız görünəcək almanlarla dueldə "bircə böyükhesablı məğlubiyyət olmasın" - deyənlər az deyil. Biri də bəndəniz...
Ümid edək ki, "Qarabağ" növbəti möcüzəsi ilə bu dəfə "Bay Arena"da gecəmizə işıq salacaq. Yuxumuzu ərşə çəkəcək.
Ən əsası inanaq ki, Moldedən başlayan möcüzə Leverkuzendə də davam edəcək.
XANOĞLAN İMANOV

