“Qarabağ” – “Bayer” matçından sonra (2:2) “köhlən atlar”ın üzvlərinin məyusluğu anlaşılan idi.
Ovucun içində olan qələbənin son anda əldən çıxması hər kəs üçün soyuq duş effekti vermişdi.
Oyun ərzində meydanda ən fəallardan olan Leandro Andrade öncə danışmağa sözünün olmadığını bildirsə də, təkidlərdən sonra Sportinfo.az-a müsahibə verməyə razılaşdı.
- Üzgünlük Bundesliqanın lideri ilə 2:2 hesablı heç-heçəyə görədir?
- Bilirəm, Avropanın üzdə olan komandalarından birinə, 34 oyundur məğlub olmayan komandaya qarşı oynayırdıq. Əlbəttə, heç-heçə bizim üçün yaxşı nəticədir. Ancaq oyunun gedişatı daha artığını edə biləcəyimizi göstərirdi. Sərgilədiyimiz oyuna görə məmnunam, amma nəticəyə görə yox.
- Fasilədən sonra üstünlük tamamilə rəqibin tərəfinə keçdi. Nə dəyişdi?
- Əvəzetmələr etdilər və oyuna qoşulanlar matça hərəkətlilik gətirdilər. Sürəti artırmışdılar deyə, onlarla ayaqlaşmaq hədsiz çətin idi. Qol və qollar vurmaq üçün böyük qüvvə ilə irəli atılmışdılar. Bəlkə də biz onlardan bu cür dəyişiklik gözləmirdik.
- Oyunun gedişində sonluğu necə təsəvvür edirdin?
- Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Və ilk hissədə sərgilədiyimiz oyunla bunu göstərdik. Məşqçilər heyəti rəqibi lazımınca analiz edib, lazım olan tapşırıqları vermişdilər. 2 qol vurmamışdan əvvəl də qalib gələcəyimizə inanırdım. Buna çox yaxın olsaq da, alınmadı.
- Qurban Qurbanovun heç-heçəyə reaksiyası necə oldu?
- Elə bir baş məşqçiyə sahibik ki, hər zaman yanımızda olduğunu göstərir və bizə dəstək verir. Bu dəfə də eyni cür davrandı. Paltardəyişmə otağında göstərilən oyuna görə futbolçuları təbrik etdi, heç nəyin bitmədiyini, cavab oyununa hazırlaşmalı olduğumuzu bildirdi.
HƏBİB

