Builki çempionatın qalibi məlumdur.
«Qarabağ» ötən illərdə olduğu kimi, qızıl medalları yenə özündə saxlayacaq.
«Zirə»ni 3:1 udub, ən yaxın tzləyicisi «Sumqayıt»la xal fərqini 24-ə çatdırdılar.
Qurban Qurbanov «Bayer»lə son oyunda böyük güc itirən aparıcı fiqurlarının heç birinin istirahətini pozmadı. Hamısına dincəlmək üçün əlavə vaxt verdi.
Birinin də yeri hiss olunmadı. Nəriman Axundzadə ilə Adama Diakabi yenə qol vurdu.
Neçə turdur hər ikisi adını tabloya yazdırmadan meydanı tərk eləmir.
Sanki Diakabi Qurbanovdan mərhəmət umur. Fransalı vinger növbəti gözəl qolla qələbə yolunu hamarladı.
O, toru silkələdi və baş məşqçinin əlini sıxdı. Bəlkə də bununla demək istədi ki, məni bağışla, bir də səhv eləmərəm, düzəlmişəm.
Bilmirəm Qurbanov 1 ildir zədəni bəhanə gətirib çoxlu məşq buraxan, amma deyinməyindən qalmayan fransızı əfv edəcək, ya yox, gümanım mənə deyir ki, o, daxili liqanın qarşıdakı həftələrində də davamlı şans alacaq.
Nəriman da həmçinin. Bu gənc yavaş-yavaş təcrübə toplayır və qapını hiss edir. «Zirə»yə vurduğu qolda əsl hücumçu məharəti göstərdi.
Rauf Əliyevdən sonra çoxdandır belə azərbaycanlı forvard rastıma çıxmamışdı.
KAMİL

