"Qarabağ"a Avropada kömək edən kimlərdir?

10 Mart 2024 21:40 Qarabağ 10 616
"Qarabağ"a Avropada kömək edən kimlərdir?

"Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsinin ilk matçında da hamını təəccübləndirməyi bacardı. Ağdam təmsilçisi təqdimata ehtiyacı olmayan "Bayer Leverkuzen"ə qarşı ləyaqətlə mübarizə apardı.

Və sonda qələbəyə bərabər heç-heçə ilə meydan ayrıldı - 2:2.

Qurban Qurbanovun komandasının parlaq futbolla qazandığı müsbət nəticədən qürurlanmamaq əldə deyil.

Lakin qürur duyanlarla bərabərə, uğura kölgə salmaq cəhdi edənlər də var. Uzun illərdi müşahidə etdiyimiz mənzərə son oyundan sonra da yaşanıb.

Yenə komandanın nəticələrinin siyasətlə bağlı olub-olmamması Qurbanovdan soruşulub. Həmkarım sual verib və özünün buna inanmadığını etiraf edib. Amma pərdənin arxasında olan və buna inananlara nə söz?

Kimdi "Qarabağ"a Avropada kömək edənlər?

İllərdi klubun ayağından çəkənlərmi bu kluba dəstək olur?

Həmin avropalının Qarabağ və Azərbaycan sözlərini yanaşı görəndə bağrı çatlamırmı? Biz bunu 44 günlük Vətən Muharibəsində və sonrakı gedişatda əyani görmədikmi?

Əllərində əlac olsa ilk fürsətdə bu klubu Avropaya həsrət qoyarlar. Siz hələ dəstəkdən danışırsız?

Nə tez unuduldu təmsilçimizə qarşı edilən hakim ədalətsizlikləri?

Çox yox, ikisini mütləq xatırlayaq.

İtaliya "İnter"nə qarşı Bakıdakı məşhur qarşılaşma. Baş hakim Miroslav Zelinka heç bir səbəb olmadan Riçard Almeydanın son saniyələrdə vurduğu təmiz qolu saymamışdı. Ədalət pozulmasaydı, komandamız elə 10 il əvvəl Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcəkdi.

Və ya 2021-ci il İsveçrədə başımıza gələnlər. Konfrans Liqasının son turunda "Bazel"dən alınacaq bir xal "Qarabağ"ın ilk dəfə 1/8 finalda çıxış etməsinə yol açacaqdı. Bu dəfə də xorvatiyalı Fran Yoviç Abdullah Zubirin zərbəsindən sonra top qapı xəttini bir xeyli keçsə də qolu qeydə almamışdı.

"Qarabağ"a belə dəstək olurlar? Gördüyünüz kimi, əksinə, bu klubun uğurlarını avropalıların gözləri götürmür. Ən kobud formada qarşısı kəsilir.

Əgər uğurlarda siyasət rol alsaydı, indi ermənilər "Ararat"la ÇL-in finalında oynamışdılar. Axı bütün xristian dünyası onların arxasındadır. Erməni lobbisinin də gücünü izah etməyə gərək yoxdur. Lakin elə deyil də...

Futbol meydanında uğur qazanmaq üçün oynamaq lazımdır. Hə, hansısa bir və bir neçə matçda sənə hakim simpatiyası ola bilər. Axı biz "Qarabağ"a qarşı bunu da hiss etmirik. Yuxarıda ən azı iki önəmli faktı xatırlatdım.

15 il uğurlu olmaq üçün siyasət səni irəli darta bilməz, bunun üçün ortaya iş qoymalısan.

"Qarabağ" rəhbərliyinin və baş məşqçi Qurban Qurbanovun ortaya qoyduğu işdən söhbət gedir.

Hə, kimlərsə bunu edə bilmir. Hazır "Qarabağ" modelinin eynisini belə yaratmaq müşkülə çevrilib.

Və öz bacarıqsızlıqlarına hansısa çərçivədə don geyindirməyə çalışırlar. Ayıbdır!

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti