"Qarabağ"ın avrokuboklarda çıxışını davam etdirməsi digər Premyer Liqa klubları üçün onu məğlub etmək yolunda gözəl bir şansdır.
Əminəm ki, rəqiblər ağır Avropa matçlarından yorğun çıxan, məcburiyyətən eksperimental heyətə güvənən "atlılar"a mümkün xal(lar) gözü ilə baxırlar. Yarımcan "Qarabağ"ı da udmayıb, nə vaxt udasan?
Çox məntiqli plandı.
Amma dərd ondadır ki, yerli çempionata məcburən dırnaqarası baxan "Qarabağ" belə rəqibləri üçün qorxulu kabusdur.
120 dəqiqə "Braqa" ilə döyüşən kollektiv normalda növbəti matçlar bunun acısını mütləq çəkməliydi.
Lakin bu qədər güc itirməyin fonunda belə "köhlən atlar" rəqiblərinə heç bir şans vermir.
"Braqa" ilə cavab matçından "Bayer Leverkuzen"lə ilk görüşə kimi olan iki həftəlik periodda "Qarabağ" üç Premyer Liqa qarşılşmasına çıxdı.
Evdə "Sumqayıt", səfərdə isə "Qəbələ" və "Neftçi" rəqib qismində idi.
Hər üç matçda da qalib gələn tərəf "Qarabağ" olub.
Çempionatın lideri bu qarşılaşmalarda rəqib qapısından 10 qol keçirdisə, öz qapısında cəmi 1 qol görüb.
Bu məqam bir daha göstərir ki, "Qarabağ"la digər klublarımız arasında olan uçurum nə qədər dərindir.
XANOĞLAN İMANOV

